"Sosial mediada çox vaxt keçirmək başqalarına meyil etməyə, boşanmalara yol açır" - Psixoloq

 22:18 22.07.2025     79

Müasir dövrümüzdə sosial media həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. İnternet və sosial şəbəkələr insanlara informasiya almaq, ünsiyyət qurmaq, özünü ifadə etmək üçün saysız imkanlar yaradır. Lakin bu imkanların arxasında gizlənən təhlükələri də görməməzlikdən gəlmək olmaz.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən psixoloq Günay Kərimi bildirdi ki, bu gün biz sosial media dövründə yaşayırıq. Onun sözlərinə görə, bütün dünyada olduğu kimi, ölkəmizdə də insanların həyatının demək olar ki, çox hissəsini internet əhatə edir:

"Təəssüf ki, bunun artıq yaş kateqoriyası da yoxdur. İnsanlar sosial mediadan özünü inkişaf etdirmək üçün, boş vaxtını doldurmaq üçün, xəbərləri öyrənmək üçün, dünyada baş verən hadisələri izləmək üçün, bəzən də öz həyatını paylaşmaq, özünü reklam etmək, başqalarının yaşayışını izləmək, peşəsini paylaşmaq və s. üçün bu və ya digər formada istifadə edirlər. Bəzən sosial mediada həddindən artıq vaxt keçirmək həyatımıza mənfi təsir edir. İzlədiyimiz neqativ halları uzun zaman unuda bilməmək əhval-ruhiyyəmizə mənfi təsir edir, bu da ilk öncə düşüncələrimizi dəyişir, qorxular formalaşdıra bilir. Bundan başqa, yuxusuzluq, iştahsızlıq problemi yaradır, asılılığa səbəb ola bilir. Orada insanların sərgilədiyi rahat həyat tərzi digər izləyən insanlarda özünü dəyərsiz, bacarıqsız hiss etməsinə səbəb ola bilir. Çünki insan özünü sosial mediada başqaları ilə müqayisə etməyə başlayır, bu da onun həyat keyfiyyətini aşağı salır, əhval-ruhiyyəsinə təsir edir".

Psixoloqun sözlərinə görə, sosial şəbəkələrdə çox vaxt keçirmək ailələrdə ünsiyyətsizliyə yol açır:

"Bu da ailələrdə boşluqların yaranmasına, bəzən də başqalarına meyil etməsinə, nəticə etibarilə boşanmalara yol aça bilir. Sosial mediada çox vaxt keçirmək ünsiyyətin azalmasına, tənhalığa meyil edilməsinə, dostluq, qohumluq əlaqələrinin azalmasına, ailə münasibətlərinin soyumasına gətirib çıxarır ki, bu da depressiyaya səbəb ola bilir. Bir sözlə, internetin mənfiləri müsbətlərini üstələyir. Bacardığımız qədər sosial şəbəkələrdən doğru istifadə etməliyik ki, psixoloji olaraq sağlam qala bilək".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən