"Başqasının nikahlı ərindən uşaq dünyaya gətirən qadınların sayı günü-gündən artır" - Sosioloq

 21:25 23.07.2025     70

"Morgan Stanley"in araşdırmasına əsasən, 2030-cu ilə qədər 25-44 yaş aralığında olan qadınların yarısının subay və övladsız qalacağı proqnozlaşdırılır. Buna səbəb kimi qadınların karyera yüksəlişi və iqtisadi müstəqilliyə üstünlük verməsi göstərilir.
Araşdırmada həmçinin vurğulanır ki, boşanan qadınların sayı artır və onların çox az hissəsi ikinci dəfə ailə qurur.

Əgər getdikcə daha çox qadın evlənmək və övlad sahibi olmaq istəmirsə, bəs gələcəkdə ailə anlayışı necə olacaq? 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında sosioloq Lalə Mehralı bildirdi ki, əslində dünya bu yola çoxdan çıxıb.

"Biz bunun nəticələrini indi-indi müşahidə eləməyə başlamışıq. Yəni bu proses uzun illərdir ki, davam edir. Sadəcə diqqətimizi yönəltməmişdik, əhəmiyyətli hesab etmirdik, ciddiyə almırdıq. Artıq dünya ölkələrinin əksəriyyətində bununla bağlı ciddi narahatlıq var. Tədqiqatlar aparılır, araşdırmalar edilir, həll yolları və mexanizmləri hazırlanır ki, bu gedişatdan geri dönüş olsun. Çünki gedişat yaxşı deyil.

Dünyanın əhalisi sürətlə qocalır və yenilənmir. Əhali tərkibi dəyişmir, doğulan uşaqların sayı artıq illərdir azalır. Qurulan ailələrin sayı azalır, boşananların sayı isə artır. Bu paralel proseslərin nəticəsi olaraq ortaya çıxan mənzərə budur ki, yeni nəsil demək olar ki, yoxdur və gələcəkdə də çox az olacaq. Qocalan nəslin yerini orta yaşlı və gənc nəsil tutur, amma gənclərin və yeniyetmələrin yerini kim tutacaq? Doğulan uşaqların sayının azlığı fonunda bu, ciddi problemdir.

Dünya ölkələrinin hər biri bu problemin qarşısını almaq üçün müxtəlif yollarla mübarizə aparır. Kimi təşviqedici vədlər verir, kimi yeni evlənənlərə dəstək göstərir, kimi uşaq pulu, çoxuşaqlılıq müavinəti, xüsusi imtiyazlar tətbiq edir. Yəni hər ölkə özünün iqtisadi vəziyyətinə uyğun çıxış yolları istehsal edir və tədbiq edir. Çünki bu, ciddi problemdir. Əgər ölkədə demoqrafik artım qaydasında deyilsə, həmin ölkənin gələcəyi ilə bağlı da ciddi narahatlıqlar yarana bilər.

Qonşuluğumuzdakı ölkələrə baxdıqda da bu istiqamətdə müxtəlif tədbirlər görürlər. Kimi daha uzun müddətli evli qalanlara əlavə dəstək verir, kimi iki və daha artıq uşaq dünyaya gətirən analara xüsusi imtiyazlar tanıyır. Bəzi ölkələrdə isə çoxuşaqlılıq meyarları dəyişdirilir. Əvvəllər dörd uşaq olan bu meyar indi iki uşağa qədər endirilib. Bu imtiyazlar isə həmin analara digər qadınlardan ciddi üstünlüklər qazandırır. Çoxuşaqlı ailələrin uşaqlarına məktəb və bağçalarda öncəlik verilir, pulsuz qida ilə təmin olunurlar, sosial imtiyazları artırılır, ev və ya torpaqla təmin edilirlər. Yəni hər bir ölkə bu vəziyyəti öz bildiyi yollarla düzəltməyə çalışır".

Müsahibimiz qeyd etdi ki, nikahsız və uşaqsız ailə modelinin qarşısını almaq üçün mütləq tədbir görülməlidir.

"Artıq ailələrdə uşaq sayı birə qədər enib. Ümumiyyətlə, vətəndaş nikahında yaşayan insanların sayı artır. Vətəndaş nikahından doğulan uşaqları normallaşdırmağa çalışırlar və bu işdə televiziyaların rolu böyükdür. Efirə vətəndaş nikahından uşaq dünyaya gətirmiş müğənniləri çağıraraq bu vəziyyəti cəmiyyətə qəbul etdirməyə çalışırlar.

Əgər hər hansı bir müğənni başqasının nikahlı ərindən uşaq dünyaya gətirib bunu utanmadan, ar eləmədən efirdə deyə bilirsə, bu, artıq cəmiyyətin ciddi problemlə üz-üzə qalması deməkdir. Ailələri elə bir formada kiçiltdilər, bəsitləşdirdilər ki, əvvəlki ailə modeli ilə indiki ailə modeli arasında insanlar artıq müqayisə belə aparmaq istəmirlər".

Sosioloq bildirdi ki, ailə institutu sosial quruluş olaraq sıradan çıxarılıb.

"Əvvəllər ailə dəyərləri və təməl prinsiplər vardısa, indi onlar yavaş-yavaş sıradan çıxarılır. Vətəndaş nikahında yaşamağı cəsarətlilik kimi təqdim edirlər. Qeyri-qanuni bərabərlikdən doğulan uşaqları isə "eşqin meyvəsi", "məhəbbətin təcəssümü" kimi ifadələrlə yumşaltmağa çalışırlar.

Başqasının nikahlı ərindən uşaq dünyaya gətirən qadınların sayı günü-gündən artır və bu cür halların fonunda ailə modeli getdikcə cılızlaşır. Belə davranışlar cəmiyyət üçün təhlükəli presedent yaradır və ailə dəyərlərinin süqutuna səbəb olur", - deyə Lalə Mehralı qeyd etdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən