"Xarici güc mərkəzləri ənənəvi Azərbaycan ailə institutunu sarsıtmağa yönəlmiş layihələr həyata keçirir" - Üzeyir Şəfiyev

Bəzi televerilişlərdə Azərbaycan ailə dəyərləri açıq şəkildə deqradasiyaya məruz qalır, bəzən xəyanət normal kimi təqdim olunur.
Gənclər arasında ailə institutuna inamın azalması müşahidə olunur. Bugünkü gənclərin ailə qurmaqdan imtina etməsinin əsas sosial səbəbləri nələrdir? Ailə institutunun zəifləməsi gələcəkdə cəmiyyətə necə təsir edə bilər? Bu suallar müasir dövrdə cəmiyyətimizin qarşısında duran mühüm məsələlərdən biridir.
Mövzu ilə bağlı Redaktor.az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirdi ki, gənclər arasında ailə qurmaqla bağlı xeyli tərəddüdlər mövcuddur və bunun bir çox səbəbləri var:
"Bu, əsasən boşanmaların artması ilə bağlıdır. İnsanlar ailə və uşaq məsuliyyətini öz üzərlərinə götürməkdən çəkinir, daha çox eqoist, bencil və hedonist, yəni zövqə yönəlmiş həyat tərzini üstün tuturlar. Bu tendensiya təkcə Azərbaycana xas deyil, bütün dünyada müşahidə olunur. İnsanlar ailə yükünün altına girmək istəmirlər və istənilən an boşanma ehtimalını nəzərə alırlar. Çünki ailələr çox vaxt sadə və səthi səbəblərdən dağılır. Azərbaycanda hazırda boşanma sayı ciddi şəkildə artıb və bu, cəmiyyət üçün xroniki sosial problemə çevrilib".
Onun sözlərinə görə, bununla yanaşı, sosial şəbəkələrin və kütləvi medianın təsiri də əhəmiyyətlidir:
"Populyar şəxslərin boşanmalarının təbliği, eqoist və hedonist həyat tərzinin yayılması ailə dəyərlərinə zərər verir. Həmçinin, bəzi xarici güc mərkəzləri ənənəvi Azərbaycan ailə institutunu sarsıtmağa yönəlmiş layihələr həyata keçirirlər. Bəzi televerilişlərdə Azərbaycan ailə dəyərləri açıq şəkildə deqradasiyaya məruz qalır, bəzən xəyanət normal kimi təqdim olunur ki, bu da yolverilməzdir və diqqətlə qarşısı alınmalıdır.
Bu baxımdan Azərbaycanda ailə konsepsiyasının hazırlanması vacibdir. Bu konsepsiyada sosial medianın, süni intellektin ailə dəyərlərinə mənfi təsirlərinin qarşısını almaq məqsədilə sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanunvericilik tədbirləri nəzərdə tutulmalıdır. Eyni zamanda ailə institutunu qoruyan və dəstəkləyən layihələr həyata keçirilməlidir.
Gənclərin məşğulluğu və mənzil təminatı məsələləri də ailə qurmaq üçün motivasiyanın artırılmasında mühüm rol oynayır. İşsizlik statistikalarına nəzər salsaq, ümumi işsizlik 5,6% olsa da, gənclər arasında bu göstərici 11%-ə çatır ki, bu da yüksək rəqəmdir. Gənclərin məşğulluğunun artırılması, mənzil şəraitinin yaxşılaşdırılması onların ailə qurmağa marağını artıra bilər.
Məsələn, 2025-ci il Türkiyədə “Ailə ili” elan edilib və burada “Gənc Ailə Fondu” yaradılıb. Bu fond subay gənclərə faizsiz kreditlər verərək mənzil almağa kömək edir, gənclər isə dörd ildən sonra hissə-hissə bu krediti ödəyirlər. Türkiyənin bəzi bələdiyyələri hətta toy mərasimlərinin xərclərini də öz üzərinə götürürlər".
Sosioloq təklif edir ki, Azərbaycanda 2026 və ya 2027-ci il "Ailə ili" elan olunsun.
"Belə layihələrin həyata keçirilməsi faydalı ola bilər.
Nəticə olaraq, Azərbaycanda ailə institutunun nüfuzunu artırmaq, gəncləri ailəyə yönəltmək və onların sosial şəraitini yaxşılaşdırmaq üçün kompleks tədbirlər görülməlidir. Eyni zamanda ailə dəyərlərinin təbliği istiqamətində də işlər aparılmalıdır.
Təsəvvür edin ki, 2024-cü ildə 49508 nikah müqaviləsi bağlanıb və 21384 boşanma olub. Yəni bu çox böyük rəqəmdir və bu artıq kifayət qədər əsas verir ki, deyək ki, bəli, nikah müqavilələrinin sayında çox ciddi azalma var.
Əlbəttə, bu da cəmiyyətdəki təkrar istehsala neqativ təsir göstərəcək. Orta perspektivdə səfərbərliklə bağlı problem ola bilər. Eyni zamanda genofondla bağlı, genofond təhlükəsizliyi ilə bağlı problem ola bilər. Eyni zamanda Azərbaycana miqrant axınını çoxalada bilər. Çünki təbii artım ləngiyirsə, mexaniki artım, yəni miqrant axını çoxalır. Bu da Avropada mövcud olan miqrant ekspansiyası ilə bağlı təhlükəni bizə anons eləyir. Bu olmasın deyə biz çalışmalıyıq ki, gənclərdə ailə dəyərləri, ailəyə marağı artıraq və təbii artımı təşviq edək", - deyə Üzeyir Şəfiyev qeyd etdi.
Xədicə BAXIŞLI