Futbol emosional dünyamıza necə təsir edir? - Psixoloqdan AÇIQLAMA

 18:10 28.07.2025     134

Futbol təkcə oyun deyil, psixologiyamıza birbaşa təsir edən emosional hadisədir. Azarkeşlik bəzi insanlar üçün adi maraq deyil, gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Elə hallar olub ki, sevdiyi komanda məğlub olduqdan sonra insanlar işə getməkdən imtina edib, ailə üzvləri ilə mübahisə yaşayıb, hətta depressiv vəziyyətə düşüb. Bəzi ölkələrdə futbol uduzmasına görə azarkeşin ev əşyalarını qırması, sosial mediada təhqiramiz paylaşım etməsi və ya özünə zərər verməsi kimi faktlar da qeydə alınıb. Bütün bunlar sübut edir ki, futbola münasibət bəzən sağlam psixoloji sərhədləri aşır və insanın gündəlik davranışlarına, münasibətlərinə ciddi təsir göstərir.

Məsələn, Argentinada 2018-ci il Dünya Çempionatında milli komanda məğlub olduqdan sonra bir kişi əsəb krizinə girərək televizoru sındırıb və sosial şəbəkədə canlı yayımda göz yaşı töküb. Türkiyədə isə sevimli komandası derbidə uduzduğu üçün bir fanat işə getməkdən imtina edib, daha sonra psixoloji dəstək almağa məcbur qalıb. Azərbaycanda da belə hallar müşahidə olunub, bəzi azarkeşlər məğlubiyyətdən sonra ətrafındakı insanlara qarşı kobud davranış sərgiləyib, ailə daxilində münaqişələr yaşanıb.

Mövzunun psixoloji cəhətini Redaktor.az-a danışan psixoloq Nabat Mirzəyeva bildirdi ki, futbolun gündəlik həyatdakı yeri, xüsusilə də bəylərin həyatında yaratdığı emosional və psixoloji təsir danılmazdır. Onun sözlərinə görə, əgər futbola dərin maraq varsa, bu, çox vaxt yaşanmış emosional və sosial təcrübələrlə bağlı olur:

"Belə ki, bəylər futbola sadəcə oyun kimi deyil, bir hiss, bir yaşam tərzi kimi yanaşırlar. Bu maraq ilk növbədə emosional sahədə özünü göstərir. İnsanlar duyğularını, gündəlik streslərini futbola yönəldir və bu proses bir növ emosional boşalma (katarsis) kimi qəbul edilir. Məsələn, sevdiyi komanda qalib gəldikdə azarkeş sevinir, özünü xoşbəxt və enerjili hiss edir. Bu müsbət emosiyalar günlərlə davam edə bilər. Əksinə, məğlubiyyət baş verdikdə isə həmin şəxs məyusluq və gərginlik yaşayır. Bu emosional dalğalanmalar bəzən ətrafdakı insanlarla münasibətlərə də təsir göstərir – azarkeş yaxınlarına qarşı sərt və kobud davranmağa başlayır. Bəzi bəylər futbolla yaranan “biz” duyğusunu çox önəmli sayırlar. Qruplaşma hissi onlara sosial mənsubiyyət verir. “Biz qazandıq”, “biz uduzduq” ifadələri ilə azarkeşlər özlərini komandanın bir hissəsi hesab edirlər. Onlar bütün duyğularını, düşüncələrini və güvənlərini futbola yönəldirlər. Məhz bu səbəbdən, bir oyunun nəticəsi onların ümumi ruh halına və gündəlik fəaliyyətlərinə birbaşa təsir edə bilir".

Müsahibimiz qeyd edir ki, bəzi azarkeşlər üçün isə futbol emosional ehtiyacların qarşılandığı bir məkana çevrilir.

"Oradakı həyəcan, adrenalin və yaşanan coşqu onların gündəlik yorğunluğunu unutdurur. Bu, bir çox hallarda daxili boşluqların doldurulması üçün bir vasitəyə çevrilir. Əlbəttə, azarkeşlik gözəl hissdir. Ancaq bu hissin həddindən artıq yaşanması bəzən ciddi fəsadlara səbəb ola bilər. İnsan duyğularını, düşüncələrini, ruhunu və emosional güvənini futbola həddindən artıq bağladıqda, yaşanacaq hər bir uğursuzluq onu sarsıdan, dağıdıcı təsirə malik olur. Bu təsirlər yalnız emosional deyil, həm də praktiki həyat sahələrinə, o cümlədən iş fəaliyyətinə də mənfi təsir göstərə bilir. Təəssüf ki, bəzi azarkeşlər bu prosesi yalnız hisslərlə deyil, maliyyə ilə də bağlayırlar. Qumar elementləri, mərclər və oyuna yatırım halları azarkeşliyin mahiyyətini dəyişir. Komanda məğlub olduqda həm maddi, həm də mənəvi çöküş yaşanır. Futbola münasibətdə tarazlığı qorumaq, hisslərlə reallıq arasında sağlam sərhəd saxlamaq vacibdir. Azarkeşlik sevgi və dəstəkdir, ancaq bu hisslər insanın həyat keyfiyyətini pozacaq səviyyəyə çatmamalıdır", - deyə N.Mirzəyeva bildirdi.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən