"Uşağın tərbiyəsi yalnız sözlə deyil, gündəlik davranışlarla formalaşır" - Psixoloq

 17:08 29.07.2025     90

Son aylarda Azərbaycanda yeniyetmələrin qətl törətməsi ilə bağlı xəbərlər tez-tez gündəmə gəlir. Son olaraq Goranboyda 15 yaşlı bir yeniyetmənin ana və nənəsini qətlə yetirməsi bu halların ən dəhşətlilərindən biri oldu.

Mövzu ilə bağlı Redaktor.az psixoloq Gülşən Rüstəmova ilə həmsöhbət oldu. Onun sözlərinə görə, dahilərdən biri deyir ki, uşaqlara xüsusi tərbiyə verməyə ehtiyac yoxdur, çünki onlar onsuz da sizin etdiklərinizi təkrarlayacaqlar:

"Mən düşünürəm ki, bu fikir tək bir cümlədən ibarət olsa da, içində çoxşaxəli, dərin mənalar daşıyır. Uşağın tərbiyəsi yalnız sözlə deyil, gündəlik davranışlarla formalaşır. Bu davranışlara təsir edən bir çox amil var: ailə, cəmiyyət, mentalitet, dil, münasibət, vərdişlər və hətta gündəlik danışıq tonumuz belə. Bir məsələni isə xüsusilə vurğulamaq istəyirəm ki, bizim oğlan və qız uşaqlarına yanaşmamız bərabər deyil, heç zaman da bərabər olmayıb. Biz ailə dəyərlərindən danışırıq, ancaq bu dəyərləri ötürməkdə çox zaman yanlış örnəklər veririk. Körpə bir oğlan uşaq ilk dəfə səsini qaldıranda, yumruğunu sıxanda və ya sərt davrananda onu alqışlayırıq. Amma unuduruq ki, bu, gələcəkdə daha böyük və ciddi zorakılıqlara zəmin yaradırıq.

Şiddətin formasından asılı olmayaraq istər psixoloji, istər fiziki cəmiyyət olaraq “yox” deyə bilmirik. Əksinə, çox vaxt şiddət göstərən insanı haqlı çıxarırıq. Sosial şəbəkələrdə, gündəlik söhbətlərdə, hətta zarafatlarda belə zorakılığı normallaşdırırıq. Kimsə kiməsə “gözünü açdı”, “yerini göstərdi” deyəndə, bunu təqdir edirik. Bəs bu söhbətləri kim dinləyir? Bizim evlərimizdəki uşaqlar. Onlar bu danışıqlarla qidalanırlar, bu düşüncə ilə böyüyürlər. Zamanla onların beyinlərində belə bir fikir formalaşır: “Əgər güclüsənsə, haqlısan. Əgər cəza verə bilirsənsə, demək, sən doğrusan"".

Psixoloq əlavə etdi ki, biz “uşaqlara düzgün tərbiyə verək” deyirik, amma bunu əvvəlcə özümüzdən başlamalıyıq.

"Cəmiyyətimizdə psixoloji şiddətdən tutmuş, fiziki şiddətə qədər hər cür şiddətə rast gəlirik və adətən də şiddət göstərən adamı tərifləyirik, hətta bəzən qəhrəman kimi təqdim edirik Qadağalar qoyan, ailəni sərt şəkildə idarə edən, zorakılıq göstərən birini tərifləyirlər, özü də uşaqların yanında. Amma unuduruq ki, bu hekayələri dinləyən balaca uşaq sabah eyni davranışı bizə qarşı da tətbiq edə bilər və həmin o davranışlarla bir gün ailəsini, ətrafını zəhərləyən bir zorakılıq maşınına çevrilər.

Ona görə də dəyişiklik haradan başlamalıdır? Özümüzdən. Düşüncələrimizi, davranışlarımızı, reaksiyalarımızı təhlil etməliyik. Çünki biz bu cəmiyyətə ya şəfqətli bir insan, ya da qəddar bir cani yetişdiririk. İkisinin də təməli bizim evdə, bizim dilimizdə, bizim münasibətimizdə qoyulur", - deyə G.Rüstəmova bildirdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən