Türkiyədəki yanğınlar turistlər üçün təhlükə yaradır? - AÇIQLAMA

Hər il olduğu kimi, bu il də Türkiyə istiqamətində səyahət edən turistlər az deyil. Lakin Türkiyənin bir sıra bölgələrində baş verən güclü meşə yanğınları bu ölkəyə səfər etmək istəyənlərin planlarını dəyişdirə bilir.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən turizm eksperti Rəhman Quliyev bildirdi ki, yay aylarında Türkiyədə qismən yanğınların olması artıq adi hala çevrilib:
“Hər il olduğu kimi bu il də bəzi bölgələrdə yanğınlar müşahidə olunur. Lakin bu hadisələr nə kütləvi xarakter daşıyır, nə də turistik ərazilərdə baş verir. Türkiyə tərəfi yanğınların qarşısını vaxtında alır, yanğınsöndürmə qüvvələri və digər qurumlar dərhal müdaxilə edirlər”.
Ekspert əlavə etdi ki, indiyədək heç bir turist yanğınlardan zərər görməyib:
“Biz mütəmadi olaraq Türkiyədəki tərəfdaşlarımızla əlaqə saxlayırıq. Heç bir turistik zonada təhlükə müşahidə olunmur. Hətta yeni qayıtmış turistlər də bildirirlər ki, onların qaldığı yerlərdə yanğınla bağlı heç bir narahatlıq olmayıb. Baş verən yanğınlar lokal xarakter daşıyır və turistlərin toplandığı məkanlardan uzaqda yerləşir. Yanğınlar əsasən dağlıq və meşəlik ərazilərdə baş verir. Onlar sürətlə nəzarətə götürülür. Turistlər üçün heç bir təhlükə yoxdur və bu, onların səfər planlarına da təsir etmir. Təşvişə düşmək üçün əsas yoxdur”.
Müsahibimizin sonda vurğuladı ki, turist axınında heç bir azalma yoxdur və vətəndaşların Türkiyəyə marağı davam edir.
Nuriyyə NATİQQIZI