"3D printerlə hazırlanan avtomobil hissələri risklidir" - Usta xəbərdarlıq edir

Ölkəyə gətirilən bəzi yeni model avtomobillər istismar üçün daha sərfəli olsa da, bəzən detalların tapılması çətin olur. İstər yeni, istərsə də ikinci əl ehtiyat hissələri bazarından əli üzülən sürücülər 3D printerlərlə həmin hissələrin birəbir eynisini hazırladırlar. Artıq son vaxtlar avtomobil detallarının bu üsulla istehsalı xeyli artıb.
Mövzu ilə Redaktor.az-a açıqlamasında avtomobil ustası Səməd Babayev bildirdi ki, son vaxtlar maşın təmiri sahəsində bəzi ustalar və ya müştərilər 3D printerdən çıxan ehtiyat hissələrinə üstünlük verməyə başlayıblar.
"Düzdür, bəzən bu üsul həm vaxt baxımından sərfəli olur, həm də tapılması çətin olan köhnə model hissələrin alternativini tapmaq baxımından çıxış yolu kimi görünür. Amma açıq danışaq ki, 3D printerlə hazırlanmış ehtiyat hissələri çox zaman real şəraitdə özünü doğrultmur.
Usta dili ilə desək, çox hallarda o detallar yerinə düz oturmur. Birləşmə hissələriaralı qalır, bəzən millərlə uyğun gəlmir, ya da ümumiyyətlə şestina kimi işləməli olan hissə printerdən çıxanda səsli işləyir, vibrasiya verir. Nəticədə isə maşında əlavə səslər, titrəmələr və ya funksiyasını düzgün yerinə yetirməyən mexanizmlər yaranır. Yəni, kağız üzərində uyğun görünən detal, real maşında problem yaradır".
Usta qeyd etdi ki, ən böyük çatışmazlıqlardan biri də material keyfiyyətidir.
"3D printerlə çıxarılan plastiklər, adi zavod istehsalı olan detalların möhkəmliyinə və istiyə davamlılığına sahib olmur. Xüsusilə də mühərrik bölməsində, hərəkətli sistemlərdə və ya yüksək temperatur altında işləyən yerlərdə bu hissələr tez sınır, ərir, bükülür və ya çatlayır. Belə detallar bir neçə gündən sonra yenidən usta əli tələb edir. Bu isə həm əlavə xərc, həm də vaxt itkisi deməkdir.
Əlbəttə, 3D printerdən istifadə edilə biləcək sahələr də var. Məsələn, kosmetik detallar, daxili plastik örtüklər və ya funksional olmayan aksesuarlar üçün uyğun ola bilər. Amma kritik sistemlər üçün məsələn, asqı, sükan, sürətlər qutusu və ya daxili yanma mühərriki elementləri üçün 3D çap detallara bel bağlamaq hələ ki, risklidir.
Bir sözlə, maşın hissəsi təkcə formaya uyğun gəlməklə bitmir. O, eyni zamanda davamlı olmalı, təzyiqə, temperatura, sürtünməyə tab gətirməlidir. 3D printerlə bunu təmin etmək hələ ki, çətindir. Ona görə də usta gözü ilə baxanda deyərdim ki, bu cür detallara yalnız məhdud, risk az olan sahələrdə istifadə etmək daha düzgündür",- deyə Səməd Babayev vurğuladı.
Xədicə BAXIŞLI