Lizinqlə avtomobil almaq sərfəlidirmi? - Mütəxəssis DANIŞDI

Müasir dövrdə şəxsi və ya korporativ nəqliyyat vasitəsinə sahib olmaq bir çox insanlar və şirkətlər üçün vacib ehtiyacdır. Avtomobil almağın əsas yollarından biri kredit, digəri isə lizinq vasitəsilə əldə etməkdir.
Bəs lizinqlə avtomobil almaq sərfəlidirmi?
Mövzu ilə bağlı fikirlərini Redaktor.az ilə bölüşən Eldəniz Cəfərov bildirdi ki, hüquqi şəxslər və şirkətlər üçün isə, adətən, avtomobilin lizinq yolu ilə əldə olunması daha sərfəli hesab olunur:
"Kredit də, lizinq də borc vermək və borc almaqla avtomobil əldə etmək üsulu olsa da, aralarında müəyyən fərqlər mövcuddur. Bu fərq ondan ibarətdir ki, əgər siz kreditlə avtomobil alırsınızsa, nəqliyyat vasitəsi birbaşa sizin adınıza rəsmiləşdirilir. Yəni, avtomobil sizə məxsus olur, sadəcə onun alınması üçün bankdan və ya kredit təşkilatından maliyyə dəstəyi alırsınız. Bu halda, avtomobilin texniki pasportunda alıcının yəni, sizin adınız qeyd olunur, lakin maşına bank tərəfindən girov qoyulur. Borc tam ödənildikdən sonra bu girov aradan qalxır".
Ekspert qeyd etdi ki, lizinqdə isə vəziyyət bir qədər fərqlidir:
"Lizinq zamanı siz avtomobili icarəyə götürmüş kimi sayılırsınız və bu müddət ərzində nəqliyyat vasitəsinin hüquqi sahibi lizinq şirkəti olaraq qalır. Müqavilə müddəti başa çatdıqdan və avtomobilin dəyəri tam ödənildikdən sonra nəqliyyat vasitəsi sizin adınıza keçirilə bilər. Bəzi hallarda lizinq müqaviləsi şərtlərinə əsasən, avtomobili vaxtından əvvəl almaq hüququ da verilə bilər, lakin bu da əlavə ödənişlərlə müşayiət oluna bilər. Ona görə də avtomobil almaq istəyənlər, xüsusilə fərdi şəxslər və şirkətlər, bu iki variant arasında seçim edərkən həm maliyyə imkanlarını, həm də gələcək planlarını diqqətlə nəzərə almalıdırlar".
Nuriyyə NATİQQIZI