"Uşaqların taleyinə vurulan hər zərbə, əslində, cəmiyyətə qarşı cinayətdir" - Deputat

 16:40 06.08.2025     70

Ötən günlərdə sosial şəbəkələrdə Sabirabad sakininin azyaşlıya qarşı əxlaqsız hərəkətlər etməsini əks etdirən görüntülər yayılıb.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirdi ki, Sabirabadda 4 yaşlı qıza qarşı törədilmiş vəhşicəsinə zorakılıq faktı hər birimizi dərindən sarsıdıb.

"Uşaq hüquqlarının bu cür qəddar şəkildə tapdanması nəinki insanlıqdan, heç bir mənəvi və hüquqi dəyərdən xəbər vermir. Belə hallara bəraət qazandırmaq mümkün deyil və bu cür cinayətləri törədən şəxslər ən ağır şəkildə, qanun qarşısında cavab verməlidirlər. Bu qəbildən olan ağır cinayətlərin arxasında, adətən, psixoloji cəhətdən qeyri-stabil, ciddi ruhi problemləri olan şəxslər dayanır. Cəmiyyət üçün təhlükə yaradan belə fərdlərin vaxtında müəyyənləşdirilməsi, onların davranışlarında müşahidə olunan aqressiya, anormal meyillər və riskli əlamətlərin nəzərdən qaçırılmaması olduqca vacibdir".

Müsahibimizin fikrincə, valideyn nəzarəti bu kimi halların qarşısının alınmasında ən əsas və ilkin qoruyucu sipərdir.

"Valideynlər uşaqların psixoloji, fiziki və emosional təhlükəsizliyini təmin etmək üçün daha diqqətli və məsuliyyətli olmalıdırlar. Azyaşlıların kimlərlə ünsiyyətdə olduğu, harada və kiminlə vaxt keçirdiyi daim nəzarətdə saxlanmalıdır. Uşaqların müdafiəsi yalnız dövlətin və hüquq-mühafizə orqanlarının işi deyil,  bu, hər bir ailənin, hər bir fərdin mənəvi borcu və sosial məsuliyyətidir".

Deputat çağırış etdi ki, cəmiyyət psixoloji yardıma ehtiyacı olan insanlara qarşı susmamalı, ətrafında təhlükə siqnalları verən şəxslər olduqda müvafiq qurumlara vaxtında məlumat verməklə faciələrin qarşısını almağa çalışmalıdır.

"Bu cür hadisələrin baş verməməsi üçün profilaktik və  maarifləndirici tədbirlər, ailə institutunun gücləndirilməsi istiqamətində davamlı səylər göstərilməlidir. Uşaqlar bizim gələcəyimizdir. Onların həyatına, psixologiyasına və taleyinə vurulan hər bir zərbə bütövlükdə cəmiyyətin özünə qarşı yönəlmiş cinayətdir" , - deyə Günay Ağamalı vurğuladı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən