"Hər kəsin məsələdən xəbərdar olması uşağın psixologiyası üçün təhlükə yaradır" - Psixoloqdan açıqlama

Sosial şəbəkələrdə Sabirabadda kişinin azyaşlıya qarşı əxlaqsız hərəkətlər etməsini əks etdirən görüntülər yayılıb.
Redaktor.az-a açıqlamasında psixoloq Vəfa Rəşidova bildirdi ki, mövzu əslində bir az deyil, olduqca həssas, travmatik, cəmiyyət tərəfindən qəbul olunmayan və eyni zamanda vəhşiliklə dolu bir məsələdir.
"Məsələ cəmiyyətin ümumən qəbul edə bilmədiyi bir haldır, üstəlik insanlar buna görə zatən kifayət qədər hirsli və qəzəblidirlər və bu, haqlı bir hirsdir. İnsanların bu qədər etiraz içində olmaları, emosional reaksiya vermələri başadüşüləndir. Biz də cəmiyyətin üzvü olaraq bu etirazları dəstəkləməliyik. Çünki bu, bir uşağın taleyindən, gələcəyindən, həyatından söhbət gedən məsələdir.
Biz bu fikirləri, etirazı sərgiləməliyik ki, sabah eyni psixoloji vəziyyətdə, "xəstəlikdə" olan bir şəxs və ya onun ailəsi, ətrafı daha diqqətli olsun. Belə hallar təkrarlanmasın deyə, cəmiyyət bir yumruq kimi bu cür məsələlərə sərt reaksiya verməlidir. Çünki ortada bir uşağın həyatı var və uşaq həyatı, uşaq təmizliyi ağ bir vərəq kimidir. Təəssüf ki, həmin vərəq artıq ləkələnib.
Sadəcə burada bir məsələ var ki, o, uşaqdır. Heç nəyi dərk etməyəcək yaşdadır və baş verənlərin fərqində deyil. Problem də məhz buradadır. Problem həmin hadisəni videoya çəkənlərdədir. Problemi yaradan, onu paylaşan saytlardır. Problem hadisənin qarşısını ala biləcək şəxs çəkiliş etmək əvəzinə müdaxilə etmədiyi üçündür. O müdaxilə vaxtında olsaydı, bəlkə də hadisə daha da dərinləşməzdi".
Psixoloqun fikrincə, əslində o görüntülər heç olmamalıydı ki, bu uşaq bu travmanı yaşamasın.
"Çünki azyaşlı uşaqlar olanları mənalandıra bilmir. Əgər bu məsələ ictimailəşməsəydi, heç uşaq da onun fərqində olmazdı. Belə hallarda ən doğru yanaşma uşağa heç nəyi xatırlatmamaq, bu hadisəni onun yaddaşına salmamaq olardı. Beləcə uşaq bu travmanı daha tez və daha yüngül atlatardı. Amma indi o görüntülər yayıldı. Kənddə, rayonda, harada baş veribsə, hər kəsin xəbərdar olması gələcəkdə uşağın psixologiyası üçün təhlükə yaradır. Çünki sabah o uşaq bir az böyüyəndə, hər hansı uşaq bilərəkdən və ya bilmədən o hadisəni ona xatırlada bilər. Onda isə uşaq üçün travma başlayacaq. Hazırda bəlkə də uşaq emosional təsir altındadır, amma olanları dərk etmədiyi üçün travma yaşamır ancaq sabah bu ona xatırladılanda, o travma başlaya bilər".
Müsahibimiz qeyd etdi ki, problem təkcə hadisəni törədənin deyil, həm də onu çəkən, paylaşan, danışan hər kəsin məsuliyyətidir.
"Bizim cəmiyyətin yaxşı cəhətləri var, mərhəmətlidir, xeyirxahdır, amma bəzi hallarda anormal davranışlar sərgilənir. İnsanlar hadisəyə müdaxilə etmək əvəzinə onu çəkirlər. Bu da artıq bir növ düşmənçilik kimi görünür.
Ona görə də düşünürəm ki, əgər mümkün olsa, həmin ailə oradan uzaqlaşmalı, başqa yerdə yaşamalıdır. Çünki o kənddə, o mühitdə bir nəfər belə olsa, sabah o uşağın qarşısına çıxıb keçmişi xatırladacaqsa, bu, onun üçün dərin və sağalmaz travmaya çevrilə bilər", - deyə Vəfa Rəşidova vurğuladı.
Xədicə BAXIŞLI