Endirimdən narazı sürücülər və gözləməkdən yorulan şərnişinlər: "Bolt" şikayətlərə nə cavab verdi?

"Bolt" şirkəti tətbiqdən istifadə zamanı sərnişinlərə edilən endirimlərdən şikayətlənən sürücülərin narazılıqlarına və taksilərin gecikməsindən şikayətlənən sərnişinlərin iradlarına aydınlıq gətirib.
Redaktor.az-ın xəbərinə görə, məsələ ilə bağlı şirkətdən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bəzi sürücülər arasında sərnişinə güzəşt tətbiq olunanda sürücünün qazancının azalması barədə yanlış fikir formalaşıb.
"Bolt" platformasında həm sərnişinlər, həm də sürücülər üçün mütəmadi olaraq kampaniyalar və güzəştlər təqdim olunur.
Bəzən sürücülər arasında belə bir yanlış fikir yaranır ki, sərnişinə güzəşt tətbiq olunanda sürücünün qazancı azalır. Bu, doğru deyil. Əgər sərnişinə kampaniya çərçivəsində endirim tətbiq olunubsa, həmin məbləğ "Bolt" tərəfindən sürücünün hesabına əlavə olaraq ödənilir. Yəni sürücünün qazancına heç bir mənfi təsir olmur. Əvvəllər sürücülər qazandıqları vəsaiti həftədə bir dəfə bank kartından çıxara bilirdilər. Bu aydan etibarən isə artıq erkən nağdlaşdırma (gündəlik nağdlaşdırma) funksiyası aktiv edilib. Bu o deməkdir ki, hər gün görülən işə görə qazanılan vəsaiti çıxarmaq mümkündür, kartla ödənilmiş səfərlərdən və sərnişinlərə edilən güzəştlərin "Bolt" tərəfindən ödənilən hissəsindən yaranan balans gündəlik olaraq bank kartına köçürülə bilər. Nəticə olaraq, bu funksiyalar "Bolt" tərəfdaş sürücülərinin maliyyə çevikliyini artırır, xidmətin şəffaflığını təmin edir və onların rifahına dəstək məqsədi daşıyır".
Taksi sifarişlərində gecikmələrlə bağlı qeyd olunub ki, bu, bir neçə səbəbdən baş verə bilər:
"Bunlara şəhərdə yol təmiri işləri, bağlı küçələr və sıxlıq daxildir. Həmçinin qanunvericiliyə əsasən, 15 ildən köhnə avtomobillər sistemdə deaktiv edilib, bu da xidmət göstərən nəqliyyat vasitələrinin sayına təsir göstərib. Bu dəyişikliklər xidmətin keyfiyyətini və təhlükəsizliyini artırmaq məqsədi daşıyır. 2024-cü ilin sonunda "Bolt" tətbiqində yeni elektrik mühərrikli taksilər istifadəyə verilib".
Xatırladaq ki, ötən gün "Bolt" tətbiqindən istifadə edənlər çətinliklə qarşılaşıblar.
Tətbiqdən istifadə edən sürücülər şirkətin sərnişinlərə həddən artıq endirim etməsindən narazılıq bildiriblər. Onların sözlərinə görə, 15 manat yazılan gedişin sonunda sərnişin endirim edildiyi üçün cəmi altı manat ödəyir.
Həmçinin tətbiqdən istifadə edərək taksi sifariş edən sərnişinlər isə gözləmə müddətinin çox olmasından şikayətçidirlər. Onların sözlərinə görə, mənzilbaşına çatmaq üçün taksi sifariş etdikdə gözləmə müddəti yarım saat, bir saat göstərir.