Buna diqqət etməsəniz maşınınızın motoru tez sıradan çıxacaq - Ustadan ÇAĞIRIŞ

"İsti havalarda avtomobil mühərriklərinin “qaynaması”, yəni temperaturun normadan artıq yüksəlməsi və soyutma sisteminin bu temperaturu sabit saxlaya bilməməsi, yay aylarında sürücülərin ən çox qarşılaşdığı texniki problemlərdən biridir. Bu hal bir neçə səbəbdən baş verə bilər və onların səbəblərini düzgün anlamaq lazımdır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında avtomobil ustası Səməd Babayev yay aylarında avtomobil mühərrikinin tez sıradan çıxmasından danışarkən bildirdi.
"Əsas səbəblərdən biri radiatorun tıxanması və ya çirkli olmasıdır. Zamanla radiatorun içində pas, çökmə və ya antifrizin tərkibində olan kimyəvi maddələrdən yaranan qalıqlar yığıla bilər. Bu, radiatorun içində suyun və antifrizin sərbəst dövranını əngəlləyir və nəticədə mühərrik lazımınca soyudula bilmir. Həmçinin radiatorun xarici hissəsinin toz və kir ilə örtülməsi də hava sirkulyasiyasını pozur ki, bu da mühərrikin temperaturunun artmasına səbəb olur. Soyutma mayesinin, yəni antifrizin az olması və ya ümumiyyətlə olmaması da mühərrikin qızmasının ən çox rast gəlinən səbəblərindən biridir. Antifriz təkcə qışda deyil, elə yayda da vacibdir. O, həm də mühərrikin içində pas əmələ gəlməsinin qarşısını alır və suyun qaynama həddini artırır. Əgər antifriz köhnəlibsə, onun funksiyası zəifləyir.
Digər mühüm amillərdən biri, termostatın işləməməsidir. Termostat mühərrikin istilik dərəcəsinə görə soyutma sistemini tənzimləyir. Əgər o ilişərsə və açılmazsa, soyuducu maye radiatora keçə bilmir, nəticədə isə mühərrik həddən artıq qızır.
Su pompasının nasazlığı da matorun qaynamasına səbəb ola bilər. Pompa mayeni mühərrik və radiator arasında dövriyyə etdirir. Əgər o sıradan çıxıbsa və ya zəif işləyirsə, sistemdəki soyuducu maye dövran edə bilmir və mühərrik qızmağa başlayır”.
Usta qeyd etdi ki, ventilyatorun işləməməsi də soyutma sistemində problemlər yaradır və xüsusilə şəhər içində, tıxac şəraitində avtomobil hərəkətsiz qaldıqda, soyutma ventilyatorunun rolu artır.
“Əgər ventilyator sıradan çıxıbsa və ya sensorları nasazdırsa, mühərrik tez bir zamanda qızmağa başlayır. Bütün bu səbəblər nəticəsində, matorun qaynaması həm mühərrikə zərər verə, həm də sürücünü təhlükəli vəziyyətlə üz-üzə qoya bilər. Usta baxımından isə bu hallar diqqətli texniki baxışla və vaxtında aparılan təmir işləri ilə asanlıqla qarşısı alına bilən problemlərdir. Avtomobilin soyutma sisteminə mütəmadi nəzarət etmək, antifrizi zamanında dəyişmək, radiatoru təmiz saxlamaq və termostat, pompa, ventilyator kimi hissələrin işlək vəziyyətdə olmasını təmin etmək yay mövsümündə təhlükəsiz və problemsiz sürüş üçün əsas şərtlərdən biridir”,- deyə Səməd Babayev vurğuladı.
Xədicə BAXIŞLI