"Nazirlik müqaviləmi yeniləmir, dolana bilmirik" - Çernobıl əlili - FOTO

İmişli rayon sakini Razi Cəfərov Ekologiya və Təbii Sərvətlər Nazirliyinə səkkiz ay əvvəl müqaviləsinin yenilənməsi üçün müraciət etsə də, bu günə qədər heç bir cavab ala bilməməsi ilə bağlı redaksiyamıza şikayət ünvanlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə oxu.az-a danışan vətəndaş dövlət tərəfindən ayrılmış və rəsmi sənədlərlə təsdiq olunmuş ərazidən istifadəyə dair müqaviləsinin uzun müddətdir yenilənmədiyini deyib.
"2006-cı ildən İmişlidəki meşəlik ərazidə çayxana kimi bir yer işlədirdim, onunla ailəmi dolandırırdım. Səkkiz ay əvvəl sənədlərimi təqdim etmişəm, amma hələ də müqaviləm yenilənmir. Mən Çernobılda zərər görmüşəm, beş övladım radiasiya səbəbindən əlil və xəstədir. Aralarında şizofrenik olanlar var. Ailə vəziyyətimiz çox ağırdır, Bakı və İmişli arasında qalmışam. Hər il bu çətinliyi yaşayıram. Xahiş edirəm, müqaviləm uzunmüddətli yenilənsin".
Qeyd edək ki, Razi Cəfərovun təqdim etdiyi sənədlər arasında icarəyə götürülmüş meşə fondu sahəsinə dair rəsmi xəritə, ödəniş qəbzi və müvafiq müqavilə də var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov məsələ ilə bağlı bildirib ki, hazırda meşə fondu ərazilərində sərhədlərin dəqiqləşdirilməsi, inventarlaşma və elektron məlumat bazasının yaradılması işləri aparılır:
"Bu proses müqavilə müddətlərinin uzadılmamasına səbəb olub. Həmçinin əvvəlki müqavilə şərtlərinə əməl olunub-olunmaması qiymətləndirilir. Bu işlər yekunlaşdıqdan sonra məsələyə qanunamüvafiq qaydada baxılacaq".