İsti havalarda bu paltarları geyinməyin! -  XƏBƏRDARLIQ

 21:18 06.08.2025     59

Yay aylarında havaların isti keçməsi insan orqanizminə müxtəlif şəkildə öz mənfi təsir göstərir. Bu dövrdə bədən temperaturunun tənzimlənməsi, dərinin rahat nəfəs alması və günəş şüalarından qorunmaq olduqca vacibdir. Belə şəraitdə geyim seçimi yalnız estetik deyil, həm də sağlamlıq baxımından olduqca böyük əhəmiyyət daşıyır.

Redaktor.az-ın məlumatına görə, mövzu ilə bağlı dermatoloq Şəbnəm Məmmədova modern.az-a danışan zaman bildirib ki, isti hava şəraitində uyğun olmayan geyim seçimi, xüsusilə də sintetik materiallardan hazırlanmış paltarlar bir sıra sağlamlıq problemlərinə yol aça bilər:

“Sintetik parçalar, məsələn, poliester, neylon və digər süni liflər hava keçirmədiyindən bədənin təbii istilik tarazlığını poza bilər. Bu cür materiallar dərinin nəfəs almasına mane olur, istilik və nəmin bədəndə qalmasına səbəb olaraq tərləməni artırır, eyni zaman da dəridə narahatlıq və qıcıqlanma yaradır. Sintetik geyimlərdə tez-tez müşahidə edilən elektriklənmə də dərinin səthində narahatedici hislərə və allergik reaksiyalara səbəb ola bilər”.

Dermatoloqun sözlərinə görə, yay fəslində geyim seçərkən təbii materiallardan hazırlanan paltarlara üstünlük verilməlidir.

“Pambıq, kətan və bambuk kimi materiallar dərinin nəfəs almasına imkan verir və tərlədikdə dərini qıcıqlandırmır. Belə geyimlər həmçinin yüngüllüyü və rahatlığı ilə yay fəslində ideal seçim sayılır. Məsələn, pambıq material nəfəs alma qabiliyyəti və yumşaqlığı ilə komfort hiss yaradır, kətan isə sürətli quruma xüsusiyyəti ilə yay aylarında bədəni daha sərin saxlamağa kömək edir”.

Ş.Məmmədova onu da əlavə edib ki, yay geyimində diqqət yetirilməli digər bir mühüm məqam isə rəng seçimidir.

“Tünd rənglər, xüsusilə qara və tünd göy günəş şüalarını daha çox cəzb edir və bədənin daha tez isinməsinə səbəb olur. Əksinə, açıq rənglər, o cümlədən ağ və krem tonları isə günəş şüalarını əks etdirərək bədənin sərin qalmasına kömək edir. Bu baxımdan yay fəslində açıq rəngli geyimlər daha funksional və sağlam seçim hesab edilir”.

Dermatoloq vurğulayıb ki, yay aylarında sağlamlıq və rahatlıq üçün sintetik materiallardan uzaq durmaq, əvəzində pambıq və kətan kimi nəfəs alan, təbii parçaları seçmək, eyni zamanda açıq rəngli geyimlərə üstünlük vermək lazımdır. Onun fikrincə, bu həm istilərdən qorunmağa, həm də dəri sağlamlığını qorumağa kömək edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən