"Cehiz tələbləri ailə qurmağa yox, ayrılığa səbəb olur" - Sosioloq

Toy adətləri xalqımızın qədim mədəni irsinin mühüm hissəsidir. Lakin zamanla bu adət-ənənələr sadə və mənəvi dəyər daşıyan mərasimlərdən çıxaraq, bəzən ailələr üçün ciddi maddi yükə çevrilmişdir. Müasir dövrdə bölgələrarası əlaqələrin güclənməsi, şəhərləşmə və sosial təbəqələşmə toy adətlərinə yeni dəblərin və gözləntilərin əlavə olunmasına səbəb olmuşdur. Bu dəyişikliklər bir tərəfdən ənənələrin qorunmasına, digər tərəfdən isə gənclər arasında gərginlik və nigahların pozulmasına yol açır.
Mövzu ilə bağlı fikirlərini Redaktor.az-a açıqlayan sosioloq Hüseyn İbrahimov bildirdi ki, müasir dövrdə təkcə ənənəyə deyil, dəb və həyat tərzinə də çevrilmişdir:
"Tələbatların artması ilə yeni trendlər formalaşmış, xüsusilə regionlarla paytaxt arasında əlaqələrin dərinləşməsi nəticəsində adətlər lokal çərçivədən çıxaraq daha geniş əhəmiyyət kəsb edib. Nəticədə insanlar arasında inteqrasiya adətlərin təmərküzləşməsinə səbəb olmuş, müxtəlif bölgələrə xas olan ənənələr qarşılıqlı şəkildə mənimsənmişdir. Ailələr və qohumluq əlaqələrinin genişlənməsi də toy, nikah, cehiz adətlərinə hər bölgənin özünəməxsus əlavələr etməsi ilə nəticələnib. Bu isə bəzən insanları yoran, mürəkkəb bir adət sisteminin yaranmasına gətirib çıxarıb. Əsas məqsəd bəy və gəlinin xoşbəxtliyi olsa da, bəzi hallarda nigahların pozulması, cehiz və ya digər adətlərin oğlan və ya qız tərəfindən qəbul edilməməsi ilə baş verir. Valideynlərin prosesə qarışması nəticəsində iki gəncin qovuşması mümkünsüzləşir. Əgər statistikaya baxsaq, görərik ki, hələ nigah ərəfəsində münasibətlərin pozulması hallarına tez-tez rast gəlinir".
Müsahibimizin sözlərinə görə, cehiz və toyla bağlı dəb və modalar da daimi dəyişir:
"Yeni ev aksesuarlarının çeşidi və qiymətinin artması, zövqlərin fərqlənməsi ailələr üçün böyük maddi yük yaradır. Bəzi ailələr bankdan kredit götürərək qızlarına cehiz hazırlayır, bəziləri isə bir il gözləməyi xahiş edir. Bütün bunlar qız və oğlan arasında narazılıqlara, bəzən isə ayrılıqlara səbəb olur. Müşahidələr göstərir ki, cehiz və digər adətlər tez-tez dedi-qodulara və ailədaxili gərginliklərə yol açır. Bu səbəbdən cəmiyyətin, xüsusən ailələrin maarifləndirilməsinə ciddi ehtiyac var. Cehiz üçün çəkilən xərclərin həddinə nəzarət edilməlidir. Nə dini, nə də hüquqi baxımdan qız tərəfinin hər şeyi təmin etməyə məcbur olması anlayışı yoxdur. Əvvəllər qız üçün başlıq pulu verilsə də, indi oğlan evi alsa belə, qız evinin evi tam əşya ilə doldurması kimi bir təzyiq formalaşıb. Bu tip adətlərin aradan qaldırılması üçün maarifləndirmə işləri aparılmalıdır. Orta məktəblərin yuxarı siniflərində və müxtəlif regionlarda bu istiqamətdə geniş maarifləndirici fəaliyyətlərə ehtiyac var. Çünki bu cür adətlərin yaratdığı maddi yükün statistikası ildən-ilə artır".
Nuriyyə NATİQQIZI