"Boşanan qadının həyat tərzi monitorinq edilməlidir" - Sosioloqdan TƏKLİF

Bəzən aliment məsələsi yalnız kişilərlə əlaqələndirilsə də, əslində qanun qarşısında bu öhdəlik cinsdən asılı olmayaraq hər iki valideynə aid ola bilər.
Redaktor.az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirdi ki, boşanma zamanı nəzərdə tutulan aliment uşaqlar üçün, onların yaşayışı, inkişafı və qidalanması üçün müəyyən edilmiş məbləğdir və belə hallarda aliment uşaq hansı valideyndə qalırsa, ona ödənilir:
"Ümumiyyətlə, BMT-nin Uşaq Hüquqları Konvensiyasında da göstərildiyi kimi, uşağın, xüsusilə azyaşlı, 10 yaşa qədər uşağın qidalanma, təhlükəsizlik və emosional bağlanma baxımından anaya daha çox yaxın olması səbəbilə, BMT konvensiyası uşağın daha çox anayla qalmasını tövsiyə edir. Xüsusi hallar istisna olmaqla ,yəni ana psixoloji xəstə deyilsə, cinayət əməli törətməyibsə, digər ağır hallar yoxdursa və uşaq narkotikdən istifadə etmirsə uşaq anada qalır. Bu uşağın emosional bağlılığı ilə izah olunur. Bu, qadınlara üstünlük kimi deyil, uşağın inkişafı üçün uşaq mərkəzli yanaşmadır. Amma bəzi hallarda uşaq anada qalmır, ataya verilir. Bu halda əgər ana işləyirsə, gəlir əldə edirsə, aliment ataya ödənilir. Aliment məhz uşaq mərkəzli yanaşmadır. Alimentin miqdarı yaşayış minimumu qədər müəyyən olunur, məsələn 2025-ci ildə 246 manatdır. Bu məbləğ təkcə 246 manat deyil, gəlirin və qazancın müəyyən hissəsi uşaqların sayına görə, uşağın hansı valideyndə qalmasından asılı olaraq ödənilir. Məsələn, bir uşağa gəlirin dörddə biri, iki uşağa üçdə biri, üç və daha çox uşağa isə yarısı ödənilir.
Aliment öhdəliyi məhz uşağın xeyrinə olan məsələdir. Əgər aliment ödənilmirsə, bunun obyektiv və subyektiv səbəbləri ola bilər. Məsələn, valideyn işləmir və gəlir əldə etmirsə. Belə olduğu halda isə ona iş təklifi edilir. İmtina edərsə, inzibati və cinayət məsuliyyətinə cəlb olunur. Əgər inzibati cəza təsir göstərmirsə, cinayət məcəlləsinin 306-cı maddəsi ilə hüquqi məsuliyyətə cəlb olunur".
Sosioloq qeyd etdi ki, alimentin anaya, yoxsa ataya ödənilməsi uşağın hansı valideyndə qalması ilə bağlıdır.
"Təcrübədə həm ataya, həm də qadına aliment ödənilməsi hallarına rast gəlmək olur. Amma hesab edirəm ki, qanunda təkmilləşməyə ehtiyac var. Çünki bəzən qadınlar boşanır və uşaq qadında qalır, amma qadın düzgün həyat tərzi sürmür, yüngül həyat tərzi keçirir və bu uşaq üçün təhlükəli haldır. Bu məsələyə müvafiq mexanizm lazımdır. Sosial agentlər vasitəsilə qadının həyat tərzi monitorinq edilməlidir. Əgər yüngül həyat tərzi uşaq üçün təhlükə yaradırsa, uşaq qadından alınaraq sosial xidmət müəssisəsinə və ya ataya verilə bilər. Çünki uşaq üçün əsas məsələ təhlükəsiz mühitin olmasıdır. Hər halda isə aliment ödənilməlidir. Aliment ödənməsində problem yaranarsa, obyektiv səbəblər varsa, aliment fondu yaradılması təklif olunur. Aliment fondu uşağın alimentini ödəsin, valideyn işə başlayıb gəlir əldə etdikdn sonra isə gəlirin müəyyən hissəsini aliment fonduna köçürə bilsin. Bu təklif ictimai müzakirələrdədir", - deyə Üzeyir Şəfiyev əlavə etdi.
Xədicə BAXIŞLI