Paytaxtın bu ərazisi nə vaxt yaşıllaşdırılacaq?

 12:23 08.08.2025     105

Bakının Yasamal rayonu ərazisində yerləşən, keçmiş "Sovetski" adlanan ərazidə salınan Mərkəzi Parkın ərazisinin genişləndirilməsi nəzərdə tutulub. Təbii ki, paytaxtda yaşıllıqların artırılması ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir.

Bakıda ekologiyanın, ətraf mühitin mühafizəsi üçün başqa hansı tədbirlər görülə bilər? Paytaxtın cənub girişindən - Bibiheybət məscidindən Su İdmanı Sarayına qədər olan neftlə çirkləndirilmiş ərazilərdə də park və ya yaşıllıq salına bilərmi?

Redaktor.az-a danışan ekoloq Sadiq Həsənov bildirdi ki, parkların sayının, sahəsinin artırılması çox mühüm amildir:

"Yasamalda köhnə "Sovetski" deyilən ərazidə park sahəsinin genişləndirilməsini mən çox yaxşı qiymətləndirirəm. Park sahələri digər yerlərdə də genişləndirilməlidir. Çünki Bakı şəhərində parkların sahəsi, ümumiyyətlə yaşıllıq sahəsi kifayət qədər azdır. Tikinti çoxdur, binalar çoxdur, sənaye obyektləri, inzibati binalar, dövlət idarələri şəhərin böyük bir hissəsini tutduğundan yaşıllıq əraziləri normalardan çox aşağıdır.

Yaşıllıq ərazilərin artırılması, parkların genişləndirilməsi oksigenin həcmini artırır. Bu da insanların sağlam mühitdə yaşamasını, dincəlmək üçün özlərinə müəyyən yerlər seçməsinə kömək olur.  Məsələn yayın bu isti günlərində sən parka gedərkən o yaşıllıq ərazilərində o fərqi hiss edirsən. Çünki günəşdən gələn o infraqırmızı şüalar, ultrabənövşəyi şüalar, isti hava kütlələri həmin o yaşıllıq tərəfindən udulur. Bu da insan sağlamlığı üçün çox vacibdir".

Ekoloq qeyd etdi ki, dünyada şəhərlər hər tərəfdən meşə zolaqları ilə əhatə olunub. Onun sözlərinə görə, bu, tozun qarşısını alır, zəhərli havaların yayılmasının qarşısını alır və hava mühitini normallaşdırır:

"Mən parkın genişləndirilməsini alqışlayıram. Bakının "Sovetski" ərazisinin əvvəllərini gözümüzün qabağına gətirsək, çox kiçik evlərdən ibarət böyük bir ərazi idi. Ölkə prezidentinə çox sağ ol deyirəm ki, sahələrin yaşıllaşdırılmasında əhəmiyyətli fəaliyyət planlarının qəbul edilməsinə kömək edir. Salınan parklar şəhərin mühitini yaxşılaşdırır və bu isti havada insanların dincəlməyi üçün bir yerlərin çox olmasını təmin edir.

Bibiheybət məscidindən Su İdman Sarayına qədər olan ərazidə parkların salınması o qədər də məqsədəuyğun deyil. Yaşıllıq salınması daha yaxşı olar. Parkların salınması ona görə uyğun deyil ki, orada uzun müddət neft hasilatı olub. Hətta bəzi mənbələrə görə, neft torpağın 7 metrə qədər dərinliyinə qədər işləyib. Biz onun üzünü örtüb, 20-30 santimetr oranı yaşıllaşdırsaq, sonradan həmin o neft sahələri üzə çıxacaq və müəyyən problemlər yaranacaqdır. Eyni zamanda orada həddindən çox quyular qazılıb. Yəni o zonada park salınması o qədər də arzuolunan deyil. Həm təhlükəsizlik baxımından, həm neftlə sahənin çox ciddi çirklənməsinə görə məsləhət deyil. Orada yaşıllaşdırma müəyyən qədər həyata keçirilib".

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın sədri Amin Məmmədov isə bildirdi ki, yaşıllıqların artırılması təqdirəlayiqdir:

"Bu müsbət haldır. Çünki Bakı şəhəri ərazisində yaşıllıq çox azdır. Amma əlavə yaşıllıqların salınması üçün yerlərin ayrılması hökümət səviyyəsində verilən qərardır. Bu məsələlərlə Nazirlər Kabineti, Şəhərsalma və Arxitektura Komitəsi, yerli icra hakimiyyəti orqanları məşğul olur".

Müsahibimizin fikrincə, yaşıllıq nə qədər çox olsa, o qədər xeyirlidir:

"Ümumiyyətlə, ekoloqlar olaraq biz bu təklifləri, təşəbbüsləri dəstəkləyirik".

Aytəkin TOFİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc olunub.

                  

Vumart və Güvən reklamı Vumart Güvən