Doğum günündə Hökumə Əliyevanın ev muzeyi açıldı - FOTOLAR

Bu gün Milli Qəhrəman Hökumə Əliyevanın xatirəsinin əbədiləşdirilməsi məqsədilə Samux rayonunun Alıuşağı kəndində ev muzeyinin açılışı olub.
Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, açılış mərasimində bir sıra rəsmilər, AZAL-ın nümayəndələri, Hökumə Əliyevanın yaxınları iştirak edib.
Muzeyin tikintisi Milli Qəhrəmanın yaxınları tərəfindən həyata keçiririlib. Muzeydə H. Əliyevanın həyatını əks etdirən şəkilləri və şəxsi əşyaları sərgilənib.
Qeyd edək ki, Hökumə Əliyeva yaşasaydı, bu gün 34 yaşı tamam olacaqdı. O, 1991-ci il avqustun 8-i Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub. Kəlbəcərin işğalı dövründə ailəsi ilə birlikdə Samux rayonunun Alıuşağı kəndində məskunlaşıb. Sonra ailə quraraq Bakıda yaşamağa başlayıb. Onun valideynləri və qardaşı bu gün də Samux rayonunun Alıuşağı kəndində yaşayırlar.
Xatırladaq ki, Hökumə Əliyeva dekabrın 25-i Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub. Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva “Azərbaycanın Milli Qəhrəmanı” adına və “Qızıl Ulduz” medalına layiq görülüb.



