Sərnişinləri boğaza yığan "160" - "Yollarda qalırıq, bu nə zülmdür?" -VİDEO

160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti göstərən avtobuslarda son günlər nasazlıq müşahidə edilir.
Redaktor.az xəbər verir ki, oxu.az-a danışan sərnişinlərin sözlərinə görə, artıq bir neçə gündür mənzilə çatmamış yolun yarısında düşməli olurlar.
Sərnişinlər qeyd edirlər ki, buna səbəb sözügedən marşrut xəttinin avtobuslarında ciddi problemlərin olmasıdır:
"Bəzən sərnişinləri düşürürlər, bəzən bir az gözləyəndən sonra yenidən asta sürətlə yola davam edirlər. Yayın günündə bu nə zülmdür bizə yaşadırlar? Millət bir-birinin belində gedir, ödəniş haqlarını niyə avtobusların təmirinə xərcləmirlər? Niyə gözləri doymur?"
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Xatırladaq ki, sözügedən avtobuslar Binə qəsəbəsindən Koroğlu Mübadilə Mərkəzi istiqamətində hərəkət edirlər. Binə qəsəbəsinin əhalisinin sayı çox olduğu üçün 160 nömrəli marşrut xətti sərnişinləri daşımaqda çətinlik çəkir, sıxlıq yaranır, qəsəbə sakinləri dəfələrlə gileylənərək ikinci marşrut xəttinin istifadəyə verilməsini tələb ediblər.