Ətin qiyməti yenə niyə bahalaşdı? - AÇIQLAMA

Son aylarda ətin qiyməti günü-gündən bahalaşır. Bazarlarda qoyun ətinin kiloqramı artıq 20-22, mal ətinin isə 16-17 manata təklif olunur.
Bəs bu bahalaşmaya səbəb nədir?
Mövzu ilə bağlı fikirlərini Redaktor.az-a bildirən iqtisadçı Günay Hüseynova qeyd etdi ki, o, ətin qiymətinin bahalaşacağını aylar əvvəl deyib:
"Qeyd etmişdim ki, işbazlar bunu hissə-hissə edirlər ki, alıcı bunu hiss etməsin. Ətin qiymətinin hazırda bahalaşmasını tamamilə süni artım hesab edirəm. Satıcılar və kənd təsərrüfatı ilə məşğul olan şəxslər bunun tələbatla əlaqədar olduğunu qeyd edirlər. Nəzərə almaq lazımdır ki, ilk növbədə yay aylarında əhalinin tələbatı daha çox tərəvəz məhsullarınadır. Bundan əlavə, yanvar ayında pensiya və əməkhaqqı yüksəlir, ətin qiyməti isə süni şəkildə bahalaşır: Yeni il ərəfəsi, Novruz bayramı, Ramazan, Qurban bayramı və indi də yay fəsli qiymətlər yenə artır. Ona görə də “tələbatla bağlı dəyişir” izahı absurddur. Süni bahalaşmanı birdən-birə 5 manat və ya daha çox edə bilmirlər. Ona görə də hər bayram ərəfəsi və mövsümi olaraq 1-1,5 manat artırırlar".
Müsahibimizin sözlərinə görə, Qarabağ zonası işğaldan azad edildiyi üçün idxal etdiyimiz ölkələrin valyutası qarşısında manatın dəyəri yüksəkdir:
"Mərkəzi Bankın və dövlətin pul siyasəti nəticəsində milli valyuta xarici valyutalar qarşısında stabildir. Bəs ətin qiyməti niyə 2-3 ayda bir bahalaşmalıdır? Örüş sahələrinin azlığı və yemin baha olmasına gəldikdə isə, yemin qiyməti hər ay artmır axı. Dövlət tərəfindən kənd təsərrüfatının inkişafına verilən dostasiya və subsidiyalar düzgün şəkildə istifadə olunmadığı, nəzarət və sistemli iş olmadığı üçün, bunun cəzasını bu gün alıcı çəkir. Xarici ölkələrin təcrübəsindən yararlanmağı məqsədəuyğun hesab edirəm. Hər şey sistemli olmalıdır: fiziki şəxs nə qədər iri və xırdabuynuzlu mal-qara saxlayır, nə qədər dövlətdən yardım alıb, il ərzində nə qədər satış həyata keçirib, bu şəxsin satışı daxili bazarda neçə faiz təşkil edir, ümumi yekunda hər şey planlı olmalıdır", - deyə G.Hüseynova fikirlərini yekunlaşdırdı.
Nuriyyə NATİQQIZI