“Uşaqlıqdan sağlam formalaşmayan psixologiya insanı qatil edə bilir” - Psixoloq

Ötən günlərdə baş verən dəhşətli hadisə ölkə ictimaiyyətini sarsıdıb. Borcunu qaytara bilməyən bir şəxs, borclu olduğu gənci amansızlıqla qətlə yetirib. Məlumata görə, cinayətkar iz itirmək məqsədilə gəncin cansız bədənini hissələrə parçalayaraq gizlədib. Təəssüf ki, bu cür qəddar qətl hadisələri son zamanlar demək olar ki, hər gün baş verir və cəmiyyətin təhlükəsizlik hissini ciddi şəkildə zədələyir.
Bəs insanlar necə asanlıqla qətl törədə bilirlər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən psixoloq Günay Kərimi bildirib ki, insan doğulduğu andan etibarən müxtəlif yaş dövrlərindən keçir. Hər yaş dövrünün özünəməxsus çətinlikləri və inkişaf mərhələləri olur. Hər bir insan bu mərhələləri özünə uyğun şəkildə tamamlayaraq yeni dövrə qədəm qoyur.
"Yaşadığımız hər dövrə uyğun psixi proseslərimiz, təfəkkürümüz, qavrayışımız, diqqətimiz, yaddaşımız və s. inkişaf edir. İnsanın tərbiyəsi və əxlaqi əqidəsi ilk olaraq ailədə formalaşır. Daha sonra, 9-10 yaşlarından başlayaraq, sosiallaşma prosesi ilə cəmiyyətdə möhkəmlənir. Burada ailə faktoru çox önəmlidir. Xüsusilə də sağlam, möhkəm təməl üzərində qurulmuş ailələrdə övladların inkişafı və tərbiyəsi daha düzgün formalaşır", - deyə o vurğuladı.
Müsahibimizin sözlərinə görə, qətl hadisələrinin törədilməsinin müxtəlif səbəbləri var:
"Bu o demək deyil ki, qətl törədən hər bir insan vicdan və mərhəmət hissindən məhrumdur. Bəzən insanlar affekt halında, bəzən isə ailəsini, sevdiklərini qorumaq üçün və ya xalqına, dövlətinə qarşı yönəlmiş təhlükəni aradan qaldırmaq məqsədilə qətl törədə bilər. Belə insanlarda vicdan, mərdlik və mərhəmət hissləri əksinə, daha güclü formalaşır. Onlar öz xalqına, millətinə və çarəsiz insanlara edilən haqsızlıqlarla barışmır, bəzən isə buna qətl törətməklə reaksiya verirlər".
Günay Kərimi əlavə etdi ki, inkişafını düzgün tamamlaya bilməyən şəxslərdə yanlış həyat tərzi qətl törətməyə meyillilik yaradır:
"Belə insanların mərhəmət hissi olmur, sağlam psixologiya isə uşaqlıqdan formalaşmır. Nəticədə onlar bu cür ağır cinayətlərə əl ata bilirlər. Əlbəttə ki, sadaladıqlarımız yalnız bir neçə nümunədir. Qətl hadisələrinin səbəbləri çoxdur və belə hallarda cinayəti törədənlərin əksəriyyətində psixoloji problemlər özünü açıq şəkildə göstərir".
Nuriyyə NATİQQIZI