Uşaq və gənclərin fiziki və mənəvi inkişafı: sağlam gələcəyin təməli

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı cəmiyyətin gələcəyi üçün strateji əhəmiyyət daşıyır. Sağlam bədən və möhkəm mənəviyyat yalnız fərdin şəxsi həyatına deyil, bütövlükdə dövlətin sosial və iqtisadi inkişafına da müsbət təsir göstərir. Fiziki inkişaf uşaqların sağlamlığını qoruyur, həyat keyfiyyətini yüksəldir və aktiv həyat tərzini təşviq edir. Mənəvi inkişaf isə onların düzgün dəyərlərə sahib, məsuliyyətli, milli-mənəvi köklərə bağlı və sosial baxımdan faydalı vətəndaş kimi formalaşmasına şərait yaradır.
Uşaq və gənclərin fiziki inkşafından Redaktor.az-a danışan idman eksperti Kənan Məstəliyev bildirdi ki, idmanla məşğul olmaq üçün uşaqların, gənclərin şəhərlərdə, regionlarda, xüsusilə şəhər mərkəzlərində, məhəllələrdə və məktəblərdə lazımi infrastruktur olmalıdır:
"İdmanın təbliğatı gücləndirilməlidir. İdmanın sağlamlığın rəhni olduğunu, idman edən insanların xəstəliklərdən və pis vərdişlərdən uzaq olduğunu göstərən maarifləndirici verilişlər, çəkilişlər və paylaşımlar hazırlanmalıdır. Bu təbliğata valideynlər də cəlb olunmalıdır, çünki uşaqların idmana yönəlməsi çox vaxt valideynlərin dəstəyi ilə mümkündür. Bütün televiziya kanallarında, sosial şəbəkələrdə və digər platformalarda idmanın faydaları barədə materiallar təqdim edilməlidir. İdmanın inkişafı üçün kütləvilik vacibdir, kütləvilik isə məhz təbliğatdan başlayır. Yaş fərqi olmadan hər kəsin idmana cəlb olunması böyük uğurların əldə edilməsinə imkan yaradar".
Müsahibimiz əlavə etdi ki, ixtisaslaşmış idman klubları və cəmiyyətlərinin yaradılması və inkişafına dəstək verilməlidir.
"Məsələn, məhəlləsində fiziki hazırlıqla məşğul olan bir gənc gücünü artırdıqdan sonra cüdo, güləş, boks, karate, ağırlıqqaldırma, futbol və digər idman növlərində peşəkarlığını artırmaq üçün əlçatan məsafədə klub və cəmiyyətlərə müraciət edə bilməlidir. Şəhərlərdə stadionların, Olimpiya komplekslərinin olması və onların işlək vəziyyətdə saxlanılması vacibdir. Azərbaycanda yetərincə Olimpiya idman kompleksləri mövcuddur. İnfrastruktur və təbliğat gücləndirildikdən sonra insanların idmana marağı artacaq, nəticədə sağlam əhali formalaşacaq. Gənclər və İdman Nazirliyi bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirir, lakin miqyası genişləndirmək mümkündür. Böyük yarışların və festivalların Azərbaycanda təşkili də təbliğata müsbət təsir göstərər. Tanınmış idmançılarımızın nümunəvi çıxışları, rayon və kəndlərdə master-klaslar keçməsi və əhali ilə ünsiyyət qurması da insanları idmana həvəsləndirə bilər", - deyə K.Məstəliyev qeyd etdi.
Mövzunun mənəvi inkişafından Redaktor.az-a danışan psixoloq Aydan Məmmədova bildirdi ki, mənəvi inkişafı yalnız uşaq və gənclərlə məhdudlaşdırmaq doğru deyil. Onun sözlərinə görə, insan var olduğu müddət ərzində hər zaman mənəvi cəhətdən inkişaf edir:
“Bu inkişaf insanın dəyərlərini, düşüncə tərzini, hisslərini və davranışlarını formalaşdırır. Hər yaş mərhələsinin özünəməxsus ehtiyacları və təcrübələri olsa da, məqsəd eyni qalır: insanın özünü tanıması, başqalarına hörmət etməsi, məsuliyyətli davranması və həyatın mənasını dərk etməsi. Uşaqlıq dövründə mənəvi inkişaf ailədən və yaxın mühitdən öyrənilən davranışlarla başlayır. Sevgi, paylaşma, dürüstlük kimi əsas dəyərlər bu mərhələdə formalaşır. Uşağın hisslərini tanıması, onları düzgün ifadə etməsi və başqalarına qarşı empatiya göstərməsi vacibdir. Yeniyetməlik dövründə insan kimliyini axtarır, hansı prinsiplərlə yaşayacağını müəyyənləşdirir. Bu mərhələdə dostluq, ədalət və sərhədlərə hörmət kimi dəyərlər ön plana çıxır. Yeniyetmələr üçün açıq ünsiyyət, müstəqil qərarvermə bacarığı və mənfi təsirlərdən qorunma xüsusilə əhəmiyyətlidir. Gənclik dövründə insan artıq həyat məqsədlərini müəyyənləşdirir, qərarlarını özü verir və həm şəxsi, həm də ictimai məsuliyyət daşımağa başlayır. Bu yaşda mənəvi inkişaf dürüstlük, vicdanlılıq və cəmiyyətə fayda vermək məqsədləri ilə möhkəmlənir”.
Psixoloq vurğuladı ki, orta yaş dövründə insanın mənəvi dəyərləri daha da sabitləşir.
“Başqalarına yol göstərmək, nümunə olmaq və təcrübəsini paylaşmaq əsas məqsədlərə çevrilir. Bu mərhələdə ailəyə, işə və cəmiyyətə dəstək olmaq mühüm yer tutur. Yaşlılıq dövründə insan həyat təcrübəsini gənc nəsillə bölüşür, onların mənəvi inkişafına töhfə verir. Bu yaşda həyatın mənasını anlamaq, dəyərləri ötürmək və iz qoymaq hissi daha güclüdür.
Hər yaş dövründə mənəvi inkişaf üçün ortaq amillər mövcuddur: duyğuları tanımaq və idarə etmək, empatiya göstərmək, məsuliyyətli davranmaq, mədəniyyət və dəyərləri yaşatmaq, həmçinin pozitiv və dəstəkləyici mühitdə olmaq. Nəticə olaraq, mənəvi inkişaf bir dəfə tamamlanan proses deyil. İnsan ömür boyu yeni dəyərlər öyrənir, mövcud dəyərlərini möhkəmləndirir və yaşadığı təcrübələrdən dərs çıxararaq daha yetkin bir şəxsiyyətə çevrilir”, - deyə Aydan Məmmədova yekinlaşdırdı.
Nuriyyə NATİQQIZI
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "uşaq və gənclərin fiziki və mənəvi inkişafı" mövzusunda dərc olunub.
