"Dalga Beach"in işçiləri maaşlarını ala bilmir - VİDEO

"Dalga Beach"də çalışan bir qrup işçi aylardır ki, maaşlarını ala bilmədiklərindən şikayətçidirlər. Onların bəziləri 3, bəziləri isə 4-5 aydır ki, maaşlarını ala bilmirlər.
Redaktor.az xəbər verir ki, şikayətçilər iddia edir ki, işlədikləri restoran 50-yə yaxın əməkdaşın əmək haqqını vermir və rəhbərlik müxtəlif vədlərlə onları gözlədir.
İşçilər iddia edirlər ki, bu müddət ərzində onlara əmək müqaviləsi olduğu deyilib, lakin işdən ayrıldıqdan sonra öyrəniblər ki, onlar əmək müqaviləsi olmadan qeyri-rəsmi şəkildə çalışıblar.
Şikayətçilərin sözlərinə görə, sozügedən restorsan fəaliyyət göstərmir. Rəhbərlikdən də xəbərləri yoxdur.
Məsələ ilə bağlı vətəndaşların şikayətçi olduğu Emin İbadovla əlaqə saxlamağa çalışdıq, lakin zənglərimiz cavabsız qaldı. Digər səlahiyyətli şəxslərə də ya zəng çatmadı, ya da zənglərimizə cavab verilmədi.
Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi ilə əlaqə saxladıq. Qurumdan "Xəzər Xəbər”ə bildirildi ki, əmək münasibətləri yalnız əmək müqaviləsi əsasında qurula bilər. Əmək müqaviləsi bağlanmadan işə cəlb edilən şəxslər gələcəkdə əmək, sosial və iqtisadi hüquqlarını itirmək riski ilə üzləşirlər. Əmək müqaviləsi bağlanılması həm işçinin, həm də işəgötürənin hüquqlarının qorunması üçün məcburi və zəruri şərtdir.
Vətəndaşların şikayətindən yola çıxaraq hüquqşünalarla da əlaqə saxladıq. Bildirdilər ki, əmək müqaviləsi bağlamadan işə cəlb edilən və əməkhaqları ödənilməyən şəxslərin işəgötürənə qarşı vurulan maddi və mənəvi ziyanın ödənilməsi barədə aidiyyəti məhkəmədə iddia qaldırmaq hüquqları var.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.