Gənclər niyə gec evlənməyə üstünlük verirlər? - Psixoloq AÇIQLADI

Müasir dövrdə gənclər arasında evlənməyə maraq azalıb. Bir çoxları evliliyi 30 yaşdan sonraya saxlayır.
Bunun əsas səbəbləri nələrdir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Zeynəb Əyyubova bildirdi ki, gənclər əvvəlcə karyera qurmaq, maddi müstəqillik qazanmaq və şəxsiyyətlərini tam formalaşdırmaq istəyirlər.
"Evliliyi erkən yaşda məsuliyyət kimi qəbul edirlər və bu məsuliyyətin öz inkişaflarına mane olacağından ehtiyat edirlər. Boşanmaların artması və ətrafda uğursuz evlilik nümunələrinin çoxluğu gənclərdə “yanlış seçim etmək” qorxusunu gücləndirir. Bu da evliliyi təxirə salmağa səbəb olur. Bu dövrdə fərdi azadlıq, şəxsi maraqlara vaxt ayırmaq, səyahət etmək, öz hobbilərinə sərbəst yönəlmək gənclər üçün daha önəmli görünür".
Onun sözlərinə görə, gənclər evliliyi azadlıqların məhdudlaşması kimi qavraya bilirlər.
"Evliliyin maddi məsuliyyəti (toy, ev, gələcək planları) gənclərdə psixoloji gərginlik yaradır. Buna görə də “hazır deyiləm” düşüncəsi formalaşır. Müasir dövrdə münasibətlərdə “ideal insan” axtarışı, sosial şəbəkələrin yaratdığı illüziya və real olmayan standartlar səbəbindən münasibət qurmaq və qərar vermək çətinləşir. Gənclər emosional olaraq tam sabitləşmədən evliliyə girməyin riskli olduğunu düşünürlər. Çünki sağlam münasibət üçün əvvəlcə özünü dərk etmək və emosional yetkinlik vacibdir. Bu, “evliliyə marağın azalması” yox, daha çox “evliliklə bağlı şüurun dəyişməsi”dir. Gənclər artıq evliliyi daha məsuliyyətli addım kimi görür və daha yetkin yaşda bu qərarı verməyi üstün tuturlar".
Aytəkin TOFİQQIZI