Tətil bitdi, gərginlik başladı – Psixoloqdan faydalı məsləhətlər

 18:12 21.08.2025     148

"Yay tətilinin başa çatması və iş rejiminə dönüş bir çox insan üçün psixoloji baxımdan çətin dövr ola bilər. Tətil zamanı insanlar sərbəstliyə, rahatlığa və istirahətə öyrəşirlər. Bu dövr bitdikdə isə real həyatın tələbləri ilə üz-üzə qalmaq müəyyən gərginlik yaradır. Psixologiyada bu hal “post-tətil sindromu” adlanır. Ən çox rast gəlinən əlamətlər əhval-ruhiyyənin enməsi, yorğunluq hissi, diqqət dağınıqlığı, işə marağın azalması və motivasiya itkisi olur. Bəzi hallarda insanlar özlərini daha əsəbi və ya səbirsiz hiss edə bilirlər. Əslində bu vəziyyət tamamilə normal və müvəqqətidir. Adətən bir neçə gündən bir həftəyə qədər davam edir və düzgün yanaşma ilə daha tez aradan qalxır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında psixoloq Zeynəb Əyyubova yay tətilinin başa çatması və iş rejiminə dönüşün bir çox insanda yaratdığı psixoloji təsirlərdən danışarkən bildirdi.

"Uyğunlaşma prosesini asanlaşdırmaq üçün bir sıra üsullar mövcuddur. Əvvəlcə gündəlik rejimin tədricən bərpası çox önəmlidir. Tətilin son günlərində yuxu və qidalanma rejimini nizamlamaq, iş günlərinə hazırlıq məqsədilə müəyyən planlama aparmaq adaptasiyanı xeyli yüngülləşdirir. İşə qayıdanda dərhal böyük və ağır tapşırıqlara başlamaq əksinə, stressi artırır. Ona görə də kiçik hədəflərlə başlamaq və tədricən ritmi bərpa etmək daha faydalıdır.

Tətilin xoş xatirələrini qorumaq da psixoloji baxımdan vacibdir. İnsanlar tətildə qazandıqları müsbət emosiyaları gündəlik həyatlarına daşımalıdırlar. Şəkillərə baxmaq, yaxınlarla maraqlı anları paylaşmaq əhval-ruhiyyəni yüksəldir və iş rejiminə keçidi daha pozitiv edir. Bununla yanaşı, yeni məqsədlər müəyyənləşdirmək də vacibdir. Çünki tətil bitdikdə insanlarda “boşluq hissi” yarana bilər. Yeni layihələr, şəxsi inkişaf planları və ya hobbilər bu boşluğu doldurur, motivasiyanı artırır".

Psixoloq əlavə etdi ki, həftə sonlarında kiçik “mikro-tətillər” planlamaq, sosial fəaliyyətlərdə iştirak etmək və istirahət üçün vaxt ayırmaq da uyğunlaşmanı asanlaşdırır.

"Əlavə olaraq, fiziki aktivlik və sağlam həyat tərzi idman, düzgün qidalanma, açıq havada gəzintilər  həm stressi azaldır, həm də enerjini artırır. Unutmaq olmaz ki, tətilin bitməsi həyatın darıxdırıcı mərhələsinin başlaması demək deyil. Əksinə, bu, yeni bir başlanğıcdır. Əgər insan bu dövrə “mən yeni hədəflərə doğru gedirəm” düşüncəsi ilə yanaşsa, həm işində, həm də şəxsi həyatında daha çox balans və motivasiya əldə edəcək", - deyə Zeynəb Əyyubova bildirdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən