"Havadakı toz əsasən Türküstandan daxil olur" - Ekoloqdan AÇIQLAMA

 17:46 25.08.2025     127

Bakıda və Abşeronda havada tozun miqdarı normadan 1,5 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyevanın sözlərinə görə, bu, cənub-şərq küləkləri ilə ölkəyə daxil olan transsərhəd tozudur və gün ərzində davam edəcəyi gözlənilir.

Mövzu ilə Redaktor.az-a açıqlamasında ekoloq Qorxmaz İbrahimli bildirdi ki, hal-hazırda havada tozun normadan artıq olması çılpaq gözlə də görünür.

"Təəssüf ki, hər il bu vaxtlarda ölkəmizə transsərhəd toz kütlələri daxil olur və birincisi insanların sağlamlığına təsir göstərir. Əsasən, Türküstandan daxil olan toz bəzən cənubdan güclü küləklərlə ölkə ərazisinə çatır. Tozun Bakıya və Abşerona qədər gəlib çatması onun nə dərəcədə güclü olduğunun göstəricisidir".

Ekoloq əlavə etdi ki, havanın tərkibində zərərli maddələr mövcuddur və bu, xüsusilə tənəffüs orqanlarına mənfi təsir göstərir.

"Canlı aləmə, xüsusilə bitki örtüyünə müəyyən təsirləri olsa da, zəhərli təsirin əsasən insanlara yönəldiyi bildirilir. Heyvan və quşlarda isə bu təsir haqqında monitorinq aparılmadığı üçün dəqiq məlumat yoxdur. Tozlu hava xüsusilə bronxial astma xəstələri üçün ciddi təhlükə yaradır. Bundan başqa, şəhərdaxili tikintilərin düzgün aparılmaması və şəhər ətrafında yerləşən böyük daş mədənləri havadakı toz yükünü artırır. Transsərhəd toz kütlələri də əlavə olunduqda, insanların sağlamlığı üçün risk daha da yüksəlir. Ümid edilir ki, tozlu hava yaxın bir neçə gündə normallaşacaq", - deyə Qorxmaz İbrahimli yekunlaşdırdı.

Xədicə BAXIŞLI
 

Vumart və Güvən reklamı Vumart Güvən