"Bakı şəhərinin böyük bir hissəsinin kanalizasiya suları Hövsan vasitəsilə dənizə axıdılır" - Ekoloq

Xəzər dənizində çirklənmə müşahidə olunur və bu hal xüsusilə Hövsan sahillərində daha qabarıq şəkildə özünü göstərir.
Bəs bunun əsas səbəbləri və həll yolları nələrdir?
Redaktor.az-a danışan ekoloq Sadiq Həsənov bildirdi ki, Hövsanda yerləşən Xəzər dənizi sahilində suyun çirklənməsinin əsas səbəblərindən biri, bütün Bakı şəhərinin tullantı sularının həm kanalizasiya, həm də sənaye sularının Hövsanda yerləşən aerasiya təmizləmə qurğusuna axıdılmasıdır.
"Bu qurğuda sular təmizləndikdən sonra dənizə ötürülür. Lakin uzun müddət həmin qurğu fəaliyyət göstərməyib. Hazırda işlək vəziyyətdə olub-olmaması barədə dəqiq məlumat yoxdur. Təsəvvür edin ki, Bakı şəhərinin böyük bir hissəsinin kanalizasiya suları Hövsan vasitəsilə dənizə axıdılır. Bu isə çirklənmənin əsas səbəblərindəndir. Digər mühüm səbəb isə Hövsan qəsəbəsinin, eləcə də sahilboyu obyektlərin mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulmamasıdır. Nəticədə kanalizasiya və sənaye tullantıları qarışıq şəkildə dənizə axıdılır, ərazidə ağır ekoloji vəziyyət formalaşır".
Ekoloq vurğuladı ki, izun illər davam edən bu vəziyyət nəticəsində ətraf mühitdə xoşagəlməz qoxu yayılır:
"Çünki tullantı sularında üzvi və qeyri-üzvi maddələr mövcuddur. Dəniz səviyyəsinin geri çəkilməsi ilə bu maddələr dibdə çökür, səthə çıxdıqda isə günəşin təsiri ilə parçalanaraq müxtəlif kimyəvi birləşmələr əmələ gətirir. Bu maddələr arasında Mendeleyevin dövri elementlər cədvəlindəki demək olar ki, bütün elementlərə rast gəlinir. Bu da ərazidə xoşagəlməz atmosfer yaradır.
Problemin həlli üçün ilk növbədə çirklənmə mənbələri ləğv edilməlidir. Bu istiqamətdə ölkə Prezidentinin sərəncamı mövcuddur. 2023-cü ilin dekabrında imzalanmış sərəncama əsasən, Hövsanda yaranan tullantı sularının utilizasiyası və onların yaşıllaşdırmada istifadəsi nəzərdə tutulur. Dünyanın bir çox ölkələrində kanalizasiya suları təmizlənərək texniki su kimi yaşıllaşdırmada və digər sahələrdə istifadə olunur. Azərbaycanda da bu istiqamətdə işlərə yeni başlanılıb, lakin hələ ki, layihənin tam işə düşməsi barədə məlumat yoxdur".
Sadiq Həsənovun fikrincə, əgər çirklənmə mənbələri aradan qaldırılmasa və sular təmizlənmədən dənizə axıdılmağa davam etsə, problemi həll etmək mümkün olmayacaq.
"Bundan əlavə, sahilboyu obyektlərin mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulması təmin edilməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən tədbirlər görsə də, görülən işlərin kifayət qədər olmaması səbəbindən hazırkı vəziyyət yaranıb".
Aytəkin TOFİQQIZI