Pis niyyətli insanlar niyə hər kəsi özləri kimi görürlər? - Psixoloqdan İZAH

Hər kəs həyatında ən az bir dəfə belə insanlarla qarşılaşıb: özündə neqativlik daşıyan, dünyaya qara eynəklərlə baxan və başqalarını da yalnız öz prizmasından görən insanlarla. Əslində, bu cür insanlar yaxşılıq, səmimiyyət və pozitivliyi qəbul edə bilmirlər. Onlar öz içlərində daşıdıqları pisliyi, qaranlığı başqalarına da yansıtdıqları üçün hər kəsi özləri kimi görməyə meyllidirlər. Halbuki problemin kökü başqalarında deyil, elə özlərinin içindədir.
Mövzunun psixoloji tərəfi ilə bağlı fikirlərini Redaktor.az ilə bölüşən psixoloq Nabat Mirzəyeva bildirdi ki, bəzən insanlar özlərində qəbul etmədikləri, yaxud başqalarında həsəd və ya həsrət obyektinə çevirdikləri xüsusiyyətləri görəndə, həmin insanlara pis gözlə baxmağa başlayırlar:
"Yəni əslində, daxildə qorxduqları və ya özlərində olmasını istəmədikləri tərəfləri başqalarında görəndə, onlara neqativ yanaşırlar. Məsələn, ətrafındakı insanları neqativ, pis düşüncəli və qəzəbli görən biri, əslində bu xüsusiyyətlərə görə qarşı tərəfdən narazı qalır. Amma əsl səbəb odur ki, bu cür hisslər onun daxili dünyasında da mövcuddur. Təbii ki, bunlar səbəbsiz formalaşmır, əsasən uşaqlıqdan qaynaqlanır.Heç kim birdən-birə bu yaşa gəlməyib, hamımız uşaq vaxtı yaşadıqlarımızın təsiri ilə formalaşmışıq. Valideynlərimiz, böyüklərimiz ana, ata, nənə, baba bizim üçün model olub. Əgər bizi böyüdən insanlar hər zaman başqaları haqqında pis danışıb, qonaq gedəndən sonra onları qeybət edibsə, bu davranış uşaq üçün də örnəyə çevrilir. Uşaq da baxış bucağını dəyişdirmədiyi müddətcə eyni davranışları davam etdirir".
Psixoloq əlavə etdi ki, əgər ailədə yalnız neqativ tərəflər vurğulanıb, yaxşı tərəflərə diqqət edilməyibsə, uşağın gözündə həyat da ancaq qorxu, acı və dərddən ibarət görünür:
"Belə mühitdə böyüyən insan istər-istəməz qarşısındakına da eyni münasibəti göstərməyə başlayır. Digər tərəfdən, insanlar bəzən çatmaq istədikləri, amma əldə edə bilmədikləri şeyləri də pisləyir, gözdən salır və onlar haqqında neqativ danışırlar. Halbuki bu, sadəcə içindəki çatışmazlıq və qısqanclığın əksidir. Əslində, nə qədər qəlbi qara insan olsa da, hər kəsin baxış bucağını dəyişmək və genişləndirmək haqqı var. Çünki uşaq vaxtı yaşadığımız təcrübələr, eşitdiyimiz sözlər və gördüyümüz münasibətlər bizim gələcək həyatımıza, düşüncələrimizə və davranışlarımıza böyük təsir göstərir. Bununla yanaşı, bir məsələni də qeyd etmək lazımdır: hər zaman neqativ düşüncələr, qara niyyətlər və başqaları haqqında pis fikirlər insanın həm özünü, həm də münasibətlərini zəhərləyir".
Nuriyyə NATİQQIZI