"Sağlam idmançını başqa formada yarışlara qatmaq ölkənin nüfuzuna mənfi təsir göstərir" - Fazil Mustafa
Son zamanlar bəzi hallarda sağlam idmançıların xüsusi kateqoriyalı, məhdudiyyətli idmançılar üçün nəzərdə tutulan yarışlara cəlb olunması diqqət çəkir.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, bu, mənfi tendensiyadır:
"Bu, indiki günün yox, uzun müddətdir müşahidə olunan meyildir. Bəziləri bu sahədə məsuliyyətsiz addımlar atırlar. Buna görə də vəziyyət ciddi nəzarətə götürülməlidir. Çünki ölkənin imici üçün xoşagəlməz haldır. Sağlam idmançını başqa formada yarışlara qatmaq ölkənin nüfuzuna mənfi təsir göstərir. Bu, dopinqdən də daha təhlükəli və zərərli tendensiyadır. Əgər belə hallar olubsa və varsa, buna ciddi nəzarət edilməlidir. Keçmişdə də oxşar nöqsanlar diqqətə gəlib və gündəmə çıxıb. Nəzarət olmayanda yanlış mexanizmlərin işləməsi mümkündür və bu da ölkəyə böyük zərər vurur. Ona görə də məsələ üzərində dayanmaq vacibdir. Burada məşqçi çox vaxt ən az məsuliyyət daşıyan şəxs olur. Buna görə də konkret ünvan göstərmədən, birbaşa əməli təşviq edən və həyata keçirən şəxslərin məsuliyyət məsələsinə baxılmalıdır".
Nuriyyə NATİQQIZI













