Taksilərin sayına limit qoyuldu - Qiymətlər artacaq? - AÇIQLAMA

 11:48 16.10.2025     613

Nazirlər Kabinetinin taksi ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında qərarına əsasən, Bakı şəhəri üzrə bu say həddi 25000 ədəd müəyyən edib.

Taksilərin azalması qiymətlərə necə təsir edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirdi ki, taksi fəaliyyəti ilə bağlı kifayət qədər tənzimləmələr həyata keçirilir:

"Bunlar, faktiki olaraq, həm avtomobillərlə, həm sürücülərlə, həm də ümumi meyarlarla əlaqədardır. Həmin meyarlar taksilərin bir-biri ilə, vətəndaşla sürücü arasında, sürücü ilə sərnişin, eləcə də sərnişinlə sərnişin arasında münasibətlərin tənzimlənməsini nəzərdə tutur. Bununla yanaşı, taksidə olan şəxslərin davranışı, ümumi görünüş, xidmət prosedurları kimi məsələlərə dair də mükəmməl qayda-qanunlar işlənib hazırlanıb. Məsələnin mahiyyəti ondan ibarətdir ki, hazırda taksi fəaliyyəti göstərən çoxsaylı şirkətlər mövcuddur, həm yerli, həm də xarici şirkətlər. Onların balansında müəyyən sayda nəqliyyat vasitələri var və bu nəqliyyat vasitələrinin sayı hazırda müəyyən edilmiş kvotaların hüdudlarındadır. Yəni kvotalar tam dolmayıb. Lakin düşünürəm ki, bu sayda artım olacaq. İlkin mərhələdə təxminən 25 min nəqliyyat vasitəsi nəzərdə tutulub, amma bu rəqəm 30 min, 35 min, hətta 50 minə qədər arta bilər".

Onun sözlərinə görə, qiymət artımı nəqliyyat vasitələrinin sayı ilə birbaşa bağlı deyil:

"Adi şənbə-bazar və ya istirahət, bayram günlərində qiymətlər artır. Məgər həmin günlərdə taksilərin sayı azalırmı? Xeyr. Sadəcə, fürsətcil sürücülər həmin vaxtlarda işlərini elə qururlar ki, bundan daha çox qazanc əldə etsinlər. Yəni burada məsələ sırf sayla – beş, on və ya yüz nəfərlə bağlı deyil, birbaşa fəaliyyətin təşkili və bazar münasibətləri ilə əlaqədardır. Buna görə də, bu sahədə qarşılıqlı əlaqələr nəzərə alınmalıdır".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən