131 nömrəli avtobuslardan şikayətlər artıb - AYNA marşrutu müsabiqəyə çıxara BİLƏR

 17:32 20.11.2025     850

Son günlər Maştağa-Koroğlu istiqamətində hərəkət edən 131 nömrəli marşrut haqqında şikayətlər artıb. Sakinlərin sözlərinə görə, avtobusun "Koroğlu" dayanacağına gəlmə intervalı çox uzundur. Avtobuslar köhnə olsa da, kart sistemi ilə işləyir. Lakin dayanacağa təxminən 15 dəqiqədən sonra çatdıqda anında içi sərnişinlə dolur. Bu isə ciddi çaxnaşma yaradır.

Sakinlər bildirirlər ki, 131 nömrəli marşrutu gözlədikləri müddətdə azı 5 dəqiqədən bir 62 nömrəli avtobus dayanacağa yaxınlaşır. Bu avtobus yenilənmişdir, içi isə demək olar ki, boş olur - çox vaxt cəmi bir neçə sərnişinlə hərəkət edir. Onların sözlərinə görə, 62 nömrəli avtobus Sabunçu istiqamətinə gedir.

Bütün bunlara baxmayaraq, Maştağa istiqamətində sərnişin çox olduğundan insanlar 131-i uzun müddət gözləməyə məcbur qalır, avtobus gələndə isə sıxlıqdan nə rahat minə bilir, nə də oturacaq tapılır. Sakinlər problemin aradan qaldırılması üçün aidiyyəti qurumların məsələyə müdaxilə edəcəyinə ümid edirlər.

Sakinlərdən biri qeyd edir ki, bəzən elə sərnişinlər olur ki, sürücünü “niyə gec gəldin?” deyə günahlandırırlar. "Amma məncə, bu, sürücülərə verilən tapşırıqdan irəli gəlir", - deyə o bildirdi.

Redaktor.az mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb. Sorğuya cavab olaraq bildirildi ki, 131 nömrəli marşrutda 8 avtobus 10-12 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir:

"Lakin günün pik saatlarında marşrutun hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı səbəbindən hərəkət intervalında artım müşahidə edilir. Daşıyıcıya nizamlı fəaliyyətin təmin edilməsi, sərnişindaşıma qaydalarına və hərəkət cədvəlinə riayət edilməsi, günün pik saatlarında sərnişin sıxlığı yaranacağı təqdirdə marşruta əlavə avtobusların cəlb edilməsi ilə bağlı tapşırıqlar verilib. Tapşırıqlara əməl edilməyəcəyi təqdirdə, marşrutun müsabiqəyə çıxarılması məsələsinə baxıla bilər".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən