Ekspertdən ikinci əl avtomobil almaq istəyənlərə çağırış: "Amerikadan gətirilən maşınların..."
Avtomobil alarkən bir çoxları təzə maşına pul çatdıra bilmədiyi üçün məcburən ikinci əl avtomobilə üz tuturlar.
Bəs bu maşınlar nə dərəcədə etibarlıdır?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Yasin Mustafayev bildirdi ki, ikinci əl avtomobilləri insanlar zərurətdən alırlar.
"Yəni təzəyə gücü çatmır, məcburən ikinci əl avtomobil alır. İkinci əl avtomobillər müxtəlif vəziyyətlərdə olur. Bəzən daha sağlam və etibarlı maşınlar tapmaq mümkündür, bəzən isə vurulmuş, əzik və ya müəyyən texniki problemləri olan avtomobillər olur. Bu səbəbdən ikinci əl avtomobillərin qiymətləri də fərqli olur və bazarda geniş diapazon müşahidə olunur".
.jpg)
Mütəxəssis qeyd etdi ki, ikinci əl avtomobil alarkən bəzi vacib nüanslara diqqət yetirmək lazımdır.
"Maşının keçmişi, texniki vəziyyəti, servis qeydiyyatları, qəza və ya zədələnmə tarixçəsi diqqətlə yoxlanılmalıdır. Xüsusilə xaricdən gətirilmiş avtomobillərdə daha diqqətli olmaq vacibdir. Məsələn, Amerikadan gətirilən maşınların bir qismi su basmış avtomobillər olur. Bu cür avtomobillər adətən ucuz qiymətə satılır, lakin suya düşmüş maşınlarda ciddi problemlər, korroziya və elektrik sistemində qüsurlar ola bilər. Ona görə də alıcı avtomobilin tarixçəsini, mexaniki və elektrik sistemlərinin vəziyyətini peşəkar mütəxəssis vasitəsilə yoxlatmalıdır", - deyə Y.Mustafayev bildirdi.
Nuriyyə NATİQQIZI













