Qadınlara qarşı nalayiq sözlər istifadə edən avtobus sürücüsünə töhmət VERİLDİ
Bakı Beynəlxalq Avtovağzal kompleksindən 28 May istiqamətinə hərəkət edən 14 nömrəli marşrutda ötən gün sürücü və qadın sərnişinlər arasında mübahisə yaşanıb.
Redaktor.az-a bu haqda avtobusda olan qadın sərnişinlərdən biri məlumat verib.
"Noyabrın 27-si axşam saat 17:40 radələrində avtobusun sürücüsü Gözəlov Rəfayıl Əfsər oğlu qadınlarla mübahisə etdi və onlara qarşı mübahisə zamanı nalayiq sözlərdən istifadə etdi. Qadınlara ağzına gələni dedi. Dayancaqda 3-4 dəqiqə saxladı, dedi sürmürəm. Özünü çox qəribə aparırdı, qəribə hərəkətlər edirdi. Bundan əvvəl də bir neçə dəfə həmin sürücünün xüsusilə qadınlarla kobud rəftarının şahidi olmuşam. Belə sürücünü niyə işə götürürlər? Kameraya baxıb o sürücünün hərəkətlərinə baxıb onu niyə cəzalandırmırlar. Xahiş edirik bu məsələni işıqlandırın, həmin sürücü barəsində tədbirlər görülsün", - deyə sərnişin bildirib.
Problemlə bağlı "BakuBus"a sorğu ünvanladıq. Sorğuya cavab olaraq bildirildi ki, bu haqda tədbir görülüb:
"Qeyd edilən hadisə ilə bağlı sürücüyə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib".
Aytəkin TOFİQQIZI















