"Həmin yolda bir avtobus da saat 11-dən sonra işləmir, zolaq niyə 24 saat qadağandır ki?" - Ekspert
Bakı-Sumqayıt yolunda yeni çəkilən avtobus zolağı sürücülər arasında narazılıq yaradıb. Əvvəllər dörd zolaqla hərəkət edən avtomobillər indi üç zolaqla yol alır və bu da tıxacları daha da artırıb. Sürücülər bildirirlər ki, həmin yolda daim tıxac olub. Lakin zolaq sayının azaldılmasından sonra vəziyyət daha da xaotik hal alıb. Üstəlik ən böyük problemlərdən biri də həmin avtobus zolağının saatsız olmasıdır.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Redaktor.az-a açıqlama verərkən bildirdi ki, sürücülərin bu mövzuda iradları haqlıdır:
"Çünki burada vaxt məsələsinə baxmaq lazımdır və vaxtla tənzimlənmə mütləq olmalıdır. Çünki bir avtobus saat 11-dən sonra işləmir. Bəs 24 saat orada hərəkət niyə qadağan olunmalıdır ki? Mən düşünürəm ki, bu məsələyə baxılmalıdır və əgər baxılsa, vaxt məsələsi tənzimlənsə, nəinki saat 10-dan sonra, hətta günün müəyyən saatlarında, gündüz saatlarında da həmin zolaqlarda digər nəqliyyat vasitələrinin hərəkəti tənzimlənməlidir ki, nəqliyyat axını şişib problem yaratmasın".
Nuriyyə NATİQQIZI













