Aliment ödəməyənlərə vəkildən XƏBƏRDARLIQ

 15:38 14.01.2026     716

"Aliment barəsində məhkəmə qərarı qüvvəyə mindikdən sonra məhkəmə həmin qərarın icra olunması məqsədilə onu icraya yönəldir. Qərar icraya yönəldildikdən sonra icra məmuru icraata başlayır və cavabdehin, yəni aliment ödəməli olan şəxsin öhdəliyini icra etməsi üçün ona rəsmi məlumat verir. Beləliklə, qərarın icrası icra məmuru tərəfindən cavabdehdən tələb olunur".

Bunu Redaktor.az-a vəkil Etibar Qarayev alimentin ödənilməsi ilə bağlı danışarkən bildirdi.

Müsahibimiz bildirdi ki, aliment qanunvericiliyə uyğun olaraq iki üsulla müəyyən edilir: əmək haqqının müəyyən hissəsi şəklində və ya sabit pul məbləği ilə:

"İşin hallarından asılı olaraq, əgər şəxs əməkhaqqının müəyyən faizi nisbətində aliment ödəməlidirsə, ödəniş onun maaşından tutulmaqla həyata keçirilir. Bu zaman icra məmuru cavabdehin iş yeri ilə əlaqə saxlayır və həmin müəssisə maaşdan tutulma apararaq alimenti birbaşa icraya yönəldir. Sabit pul məbləği ilə müəyyən edilmiş alimentdə isə şəxs hər ay müəyyən olunmuş məbləği iddiaçıya, yəni aliment almalı olan şəxsə (tələbkara) ödəməli və ödənişi təsdiq edən sənədləri icra məmuruna təqdim etməlidir. Təcrübədə görünür ki, əməkhaqqından tutulma yolu ilə həyata keçirilən, yəni rəsmi iş yeri olan şəxslərdən alimentin tutulmasında hər hansı çətinlik yaranmır. Əsas problemlər sabit pul məbləğində ödənilməli olan alimentlərdə, daha doğrusu rəsmi iş yeri olmayan şəxslərdən tutulmalar zamanı ortaya çıxır. Bu hallarda gecikmələr və ödənilməmələr müşahidə olunur".

Vəkil qeyd etdi ki, şəxs aliment ödəmədikdə, ilk olaraq tələb onun əmlakına yönəldilir:

"“İcra haqqında” Qanuna uyğun olaraq, həmin şəxsin adına olan daşınar və ya daşınmaz əmlaka həbs qoyulur və bu əmlakların hərracda satılması yolu ilə alimentin ödənilməsi təmin olunur. Lakin bəzi hallarda şəxsin adına hər hansı daşınar və ya daşınmaz əmlak olmur. Bu zaman icra məmuru həmin şəxs barəsində inzibati protokol tərtib edilməsi və inzibati məsuliyyətə cəlb olunması üçün məhkəməyə müraciət edir. Məhkəmənin qərarı əsasında, əgər şəxs təqsirli hesab edilərsə, ona müəyyən miqdarda cərimə və ya inzibati həbs tətbiq edilə bilər. Alimenti ümumiyyətlə ödəməyən və bu hərəkətləri davam etdirən şəxslər barəsində isə cinayət məsuliyyəti də nəzərdə tutulur. Belə ki, Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, həmin şəxsin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı proses başlana bilər. Cinayət tərkibi ilə başlanmış icraatın nəticəsində şəxs 2000 manatdan 4000 manatadək cərimə, 320 saatdan 480 saatadək ictimai iş, iki ilədək islah işləri, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə kimi cəzalarla cəzalandırıla bilər".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən