Azərbaycanda elçilik zamanı sağlamlıq arayışı istəniləcək? - Deputat DANIŞDI
Son günlər sosial şəbəkələrdə geniş müzakirə olunan bir məsələ var. Ailələrdən birində elçilik zamanı qızın atası oğlandan sağlamlıqla əlaqəli arayış və narkotest istəyib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov məsələ ilə bağlı Redaktor.az-a danışarkən bildirdi ki, bu, normal bir tələbdir.
Millət vəkilinin fikrincə, burada qeyri-adi bir şey görməyə ehtiyac yoxdur:

"Hər bir valideyn öz övladının xoşbəxt olmasını istəyir. Nəzərə alsaq ki, bu gün bir sıra hallarda gənclər narkotik vasitələrdən də istifadə edirlər, o mənada valideynin narahatlığı başa düşüləndir. Mən düşünürəm ki, birmənalı olaraq yaxşı olar ki, bu məsələni gündəmə gətirək, ümumiyyətlə, ailə quran gənclər sağlamlıqla bağlı arayış təqdim etsinlər. Yəni onların zərərli vərdişlərə meyilli olub-olmaması, fiziki və mənəvi sağlamlığının yoxlanılması ilə bağlı bir testin aparılmasına ehtiyac var. Çünki bu elə bir məsələdir ki, mütləq şəkildə bu məsələdən insanlarımız arxayın olmalı, rahat olmalı və bilməlidirlər ki, onların övladları kimlə ailə qurur. Ona görə bunu elə çox şişirtməyin, böyütməyin də mən tərəfdarı deyiləm və düşünürəm ki, bax, bu məsələni də nəzərə almaq lazımdır. Ona görə valideyni qınamağın da heç bir əsası yoxdur, sadəcə biz bunun hüquqi sistemini düşünməliyik".
Qeyd edək ki, hazırda Azərbaycan qanunvericiliyinə görə yalnız nikaha daxil olarkən cütlüklərdən sağlamlıq arayışı tələb olunur.
Aytəkin TOFİQQIZI












