Xidmətlər Zərfinin əhatə dairəsi genişləndiriləcək
“2026-cı ildə icbari tibbi sığortanın Xidmətlər Zərfinin əhatə dairəsi genişləndiriləcək”.
Redaktor.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin artacağını bildirib.
Onun sözlərinə görə, dəyişiklik bir neçə əsas tibbi sahəni əhatə edəcək:
“Bunlardan birincisi travmatologiya sahəsidir. Tibbi göstəriş olduqda, revizion protezləmə, yəni ilkin protezin yenisi ilə əvəz olunmasının icbari tibbi sığorta hesabına qarşılanması nəzərdə tutulur.
Bununla yanaşı, neyrocərrahiyyə sahəsində mərkəzi və periferik sinir sisteminə dair diaqnostik və cərrahi müdaxilələrin, oftalmologiya sahəsində görmə qabiliyyətinin bərpası və qorunmasına yönəlmiş müasir və effektiv xidmətlərin, kardiologiya sahəsində invaziv kardiologiya və kardiocərrahiyyə üzrə minimal invaziv və yüksək texnoloji tibbi xidmətlərin çeşidinin artırılması nəzərdə tutulur”.
Nuriyyə NATİQQIZI













