Pensiyalar bu qədər artacaq - Əli Məsimli rəqəmləri AÇIQLADI

 11:43 29.01.2026     2205

"Ötən ilin ortalarından etibarən “pensiyaçılara şad xəbər” başlıqları ilə yayılan məlumatlara baxmayaraq, qanunvericiliyə əsasən əmək pensiyaları ildə yalnız bir dəfə – növbəti ilin əvvəlində indeksləşdirilir. Bu proses “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun olaraq həyata keçirilir və vətəndaşların qanuni haqqıdır".

Redaktor.az xəbər verir k, bunu deputat Əli Məsimli öz feysbuk hesabında yazıb.

"2026-cı il üzrə pensiya artımları ilə bağlı Prezident sərəncamının fevral ayının birinci ongünlüyündə imzalanması gözlənilir. Pensiyaların artımı Dövlət Statistika Komitəsinin elan etdiyi 2025-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun aparılacaq" - deyən millət vəkilinin sözlərinə görə, Dövlət Statistika Komitəsinin ilkin məlumatlarına əsasən, 2025-ci ilin yanvar–noyabr aylarında orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz artıb:

"Rəsmi açıqlamalarda isə artım tempinin 9–9,2 faiz civarında olacağı ehtimal edilir. Dəqiq göstərici fevral ayının əvvəlində açıqlanacaq".

Ə.Məsimli qeyd edib ki, indeksləşdirmədən sonra median pensiya səviyyəsində – təxminən 360 manat pensiya alanların aylıq pensiyası 393 manata, orta pensiya səviyyəsində – 543 manat pensiya alanların pensiyası isə təxminən 593 manata yüksələ bilər.

O vurğulayıb ki, pensiya artımları əmək pensiyalarının bütün növlərinə – yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiya alanlara şamil ediləcək və bu artımlar 1,1 milyon pensiyaçını əhatə edəcək.

Yanvar ayında pensiyaların artımla verilməməsinin səbəbinə toxunan Əli Məsimli bildirib ki, 2025-ci il üzrə orta illik əməkhaqqı göstəricisi hələ açıqlanmadığı üçün yanvar ayında əvvəlki məbləğdə ödəniş edilib. Artımlar yanvar ayı üçün də hesablanaraq fevral ayında ödəniləcək. Məsələn, 400 manat pensiya alan şəxs fevralda yanvar və fevral aylarının artımı ilə birlikdə təxminən 474 manat alacaq, mart ayından etibarən isə aylıq pensiyası 437 manat civarında olacaq.

Millət vəkili həmçinin fərdi pensiya kapitalı ilə bağlı məsələyə də aydınlıq gətirib. O bildirib ki, qanuna əsasən, sığortaolunanların fərdi şəxsi hesabında olan pensiya kapitalı ildə bir dəfə inflyasiya səviyyəsinə uyğun indeksləşdirilir. 2026-cı ildə bu göstərici 5,6 faiz olacaq:

"Bu isə fərdi hesabında minimum 46 080 manat pensiya kapitalı olan şəxsin vəsaitinin təxminən 2 580 manat artaraq 48 660 manata çatması deməkdir. Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birlikdə ödəniləcək".

Əli Məsimli qeyd edib ki, pensiyaların indeksləşdirilərək artırılması yaxşı haldır, lakin qiymət artımları da nəzərə alınmalıdır.

"Amma bu, məsələnin bir tərəfidir. Məsələnin ikinci tərəfi isə açıq qalmaqda davam edir. Çünki pensiyalarla yanaşı, qiymətlər də artır. Ona görə də real təsiri olan ciddi antiinflyasiya tədbirləri görülməlidir ki, pensiya artımları inflayasiyanın “yeminə” çevrilməsin,pensiyaçının əvvəlkindən bir qədər əlavə ərzaq, dava-dərman və s. almasını mümkün etməklə, onların həyatına real surətdə bir qədər müsbət təsir göstərə bilsin", - deyə parlamentari yekunlaşdırıb.

Vumart və Güvən reklamı Vumart Güvən