"Məsuliyyət həkimlərin və Müdafiə Nazirliyinin müvafiq komissiyasının üzərindədir" - Polkovnik əsgərin ölümündən DANIŞDI

 18:10 09.02.2026     1573

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Coşqun Zülfüqar oğlu Sadıqov Mərkəzi Klinik Hərbi Hospitalda vəfat edib. Məlumata görə, Quru Qoşunlarında xidmət edən C.Sadıqov vəfatından 10 gün əvvəl - yanvarın 26-da hərbi xidmətə gedib. Vəfat edən şəxsin yaxınlarının bildirdiyinə görə o, ağır vərəm xəstəsi imiş.  

Bəs bu halda məsluliyyət hansı qurumların üzərinə düşür?

Hərbi ekspert, polkovnik Üzeyir Cəfərov Redaktor.az-a açıqlamasında bildirdi ki, sosial şəbəkələrdə bu məsələyə çox aqressiv münasibət göstərilib.

Onun fikrincə, bu, doğrudur və bu məsələdə kimin məsuliyyəti varsa, o adamlar məsuliyyət daşımalıdırlar:

"Əgər o xəstə olubsa, ona sağalması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındakı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Mərkəzinin həkimləri rəy veriblər və onu da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi xidmətə aparıb. Kimliyindən asılı olmayaraq, bu məsələ çox prinsipial məsələdir. Mən bu məsələni bu həftə ərzində nəzarətdə saxlayacağam, bu məsələ ilə bağlı əlavə məlumatlar toplayacağam, həftənin sonuna qədər də görək Hərbi Prokurorluq və müvafiq qurumlar bununla bağlı hansı açıqlama verirlər. Çünki 7 il hərbidən möhləti olmuş bir adamı birdən-birə hərbi xidmətə aparmaq üçün hesab edirəm ki, ciddi əsaslar, tibbi göstəricilər olmalı idi. Amma Coşqunun atası da olmayıb. Atasını vaxtsız itirib, anasının himayəsində böyüyüb. 25 yaşlı bir gəncimizin həyatını itirməsi əlbəttə ki, böyük faciədir. Mən ümid edirəm ki, müvafiq qurumlar bununla bağlı həm araşdırma aparacaqlar, həm də ictimaiyyətə məlumat veriləcək. Hesab edirəm ki, məsuliyyət ona "sağlamdır" kağızını yazan həkimlərin üzərində, o cümlədən Müdafiə Nazirliyinin müvafiq komissiyasının üzərindədir, hansı ki, onu hərbi xidmətə qəbul edib. Onun xəstəliyi var idisə, o geri qaytarılmalı və müvafiq komissiyalardan keçməli idi, amma qaytarmayıblar. Hospitalizasiya olunandan sonra 10 gün ərzində həyatını itirib. Böyük faciədir, ağır hadisədir. Mən düşünürəm ki, bu məsələ ilə bağlı Hərbi Prokurorluq Azərbaycan ictimaiyyətinə məlumat verməlidir və yəqin ki, verəcək".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən