"Əlilliyi olan uşaqların məktəblərdə təhsil almasına ehtiyac var" - Deputat
"Uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sosial hüquqlarının daha yaxından qorunması prioritet məsələlərdən biridir və bütövlükdə bu, Azərbaycanda həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Vüqar Bayramov bildirdi.
Onun sözlərinə görə, hal-hazırda Azərbaycanda 600 minə yaxın uşaq aylıq sosial ödənişlə təmin edilir:
"Nəzərə alsaq ki, bura müxtəlif kateqoriyalı uşaqlar, yəni əlilliyi olanlar, ünvanlı sosial yardım alanlar və s. kateqoriyalı uşaqlar daxildir, əslində, rəqəmlər bir daha təsdiq edir ki, Azərbaycanda uşaqların sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirlərin genişləndirilməsi və eyni zamanda sosial müdafiə tədbirlərinə cəlb olunan uşaqların sayında artım var. Müqayisə üçün qeyd etmək istərdim ki, 2019-cu ildə aylıq sosial yardım alan uşaqların sayı 565 min nəfər idi. Bu statistikaya nəzər yetirdikdə aylıq sosial yardım alan uşaqların sayında son illər artım müşahidə olunur ki, bu da uşaqların sosial hüquqlarının daha yaxından qorunması baxımından vacibdir".
O bildirdi ki, digər konseptual məsələ məhz inklüzivliyin gücləndirilməsidir:
"Çünki həm əlilliyi olan şəxslər haqqında qanun layihəsində, həm də beynəlxalq prinsiplərdə uşaq hüquqlarının qorunması, xüsusən də inklüziv olan uşaqların cəmiyyətə inteqrasiyasında inklüzivliyin dəstəklənməsi vacib istiqamətlərdən biridir. Rəsmi statistikaya əsasən, hazırda 4282 məktəbin yalnız 200-dən çoxunda ümumi təyinatlı və inteqrasiya təlimli təhsil müəssisələrində təşkil edilmiş siniflər fəaliyyət göstərir. Əslində, inklüzivlik eyni zamanda reabilitasiya məsələlərində inklüziv uşaqların, xüsusən də əlilliyi olan uşaqların daha yaxından cəlb edilməsi anlamına gəlir. Xüsusən inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, xüsusi məktəblərdən daha çox inklüziv olan, əlilliyi olan uşaqların ümumi təhsil məktəblərində təhsil alması, onlar üçün infrastrukturun formalaşdırılması və birgə təhsil siniflərinin yaradılmasına ehtiyac var. Və hesab edirəm ki, qanun layihəsi bu istiqamətdə inklüzivliyin daha yaxından dəstəklənməsinə və xüsusən də inklüziv olan uşaqların inteqrasiyasına imkan yaradacaq".
Nuriyyə NATİQQIZI













