"Valideynlər uşağın sağlam qidalanmasına vəsait ayırmaq əvəzinə, onu repetitor xidmətlərinə yönəldirlər"
"Azərbaycanda uşaqların sağlam inkişafı ilə bağlı məsələlərdə ciddi konkretliyə ehtiyac var. İstər qidalanma, istərsə də ümumi sağlamlıq göstəriciləri baxımından mövcud vəziyyət narahatlıq doğurur. Adının necə qoyulmasından asılı olmayaraq, fakt ondan ibarətdir ki, Azərbaycanda uşaqların boy göstəriciləri orta Avropa ölkələri ilə müqayisədə daha aşağıdır və təəssüf ki, bu tendensiya illərdir davam edir".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Qüdrət Həsənquliyev bildirdi.
Onun sözlərinə görə, məktəblərdə uşaqlara yemək verilməsi, həm də bu yeməklərin keyfiyyətli və balanslı olması zərurətə çevrilib:
"Dövlət tərəfindən ailələrə müəyyən sosial yardımlar göstərilsə də, təəssüf ki, bu vəsaitlərin hamısı uşaqların qidalanmasına yönəldilmir. Bir çox hallarda valideynlər uşağın gündəlik sağlam qidalanmasına vəsait ayırmaq əvəzinə, onu repetitor xidmətlərinə yönəldirlər. Halbuki Azərbaycanda orta təhsil rəsmi olaraq pulsuzdur, amma reallıqda repetitorsuz ali məktəblərə daxil olmaq demək olar ki, mümkünsüzdür".
Deputat uşaqların sağlamlığı və təhlükəsizliyi ilə bağlı məsələyə də toxundu:
"Dəfələrlə şifahi şəkildə də qeyd etmişəm ki, məktəblərin ətrafında “obyekt” adı altında faktiki olaraq səfil şəraitdə fəaliyyət göstərən kafelər və çayxanalar mövcuddur. Bu yerlərdə məktəblilərə spirtli içkilər, energetik içkilər, eləcə də qəlyan satılır. Halbuki bu, tütün məmulatları haqqında qanun və digər normativ aktlarla qəti şəkildə qadağandır. Təəssüf ki, müvafiq dövlət qurumları tərəfindən bu istiqamətdə effektiv tədbirlər görülmür və təhsil müəssisələrinin mövqeyi də bir çox hallarda qaneedici deyil".
Nuriyyə NATİQQIZI













