"İnternet etikası üzrə tədrisin genişləndirilməsi lazımdır" - Deputat

 17:15 12.02.2026     1037

"16 yaşa qədər uşaqlara internetdən istifadəyə qadağa qoyulması ideyası ilk baxışda uşaqların təhlükəsizliyinin gücləndirilməsi baxımından müsbət niyyət kimi qiymətləndirilə bilər. Çünki kibertəhlükələr, zərərli məzmun, onlayn zorakılıq, asılılıq riski və şəxsi məlumatların ifşası kimi problemlər realdır və cəmiyyət üçün ciddi narahatlıq doğurur. Bu baxımdan uşaqların qorunması istiqamətində daha sərt mexanizmlərin müzakirəyə çıxarılması anlaşılandır və diqqətəlayiq təşəbbüs kimi qəbul edilə bilər".

Bunu Redaktor.az-a açıqlamasında deputat Vasif Qafarov 16 yaşa qədər uşaqlara internetdən istifadəyə qadağa qoyulması barədə təklifə münasibət bildirərkən dedi.

Lakin onun sözlərinə görə, məsələyə daha geniş və strateji prizmadan yanaşdıqda tam qadağa modeli bir sıra suallar doğurur:

"Müasir dövrdə internet artıq təhsil prosesinin ayrılmaz hissəsinə çevrilib; rəqəmsal dərsliklər, onlayn öyrənmə platformaları, kodlaşdırma və STEM proqramları, eləcə də distant təhsil imkanları uşaqların inkişafında mühüm rol oynayır. Fikrimcə, 16 yaşa qədər tam qadağa tətbiqi onların rəqəmsal bacarıqlarının formalaşmasını ləngidə və gələcək peşə hazırlığına mənfi təsir göstərə bilər.

Rəqəmsal savadlılıq bu gün oxu və yazı qədər vacib bacarıq hesab olunur və uşaqları internetdən tam uzaqlaşdırmaq əvəzinə onlara təhlükəsiz və məsuliyyətli istifadə qaydalarını öyrətmək daha davamlı və effektiv yanaşma kimi görünür. Qadağa müvəqqəti nəzarət mexanizmi yarada bilər, lakin rəqəmsal mədəniyyət və təhlükəsizlik şüuru formalaşdırmır. Bundan əlavə, texnoloji reallıq da nəzərə alınmalıdır, çünki internet artıq təkcə mobil telefon və kompüterlə məhdudlaşmır, müxtəlif ağıllı cihazlar, təhsil tətbiqləri və oyun platformaları gündəlik həyatın bir hissəsinə çevrilib və tam qadağanın tətbiqi praktik baxımdan çətin ola bilər".

Deputat qeyd etdi ki, daha balanslı və effektiv yanaşma kimi yaşa uyğun filtrasiya sistemlərinin tətbiqi, valideyn nəzarət mexanizmlərinin gücləndirilməsi, məktəblərdə rəqəmsal təhlükəsizlik və internet etikası üzrə tədrisin genişləndirilməsi, sosial şəbəkələrdə yaş təsdiqi prosedurlarının sərtləşdirilməsi və uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitlərin yaradılması daha məqsədəuyğun görünür.

"Belə yanaşma həm qoruma mexanizmini təmin edir, həm də uşaqların müasir dünyanın tələblərinə uyğun bacarıqlar qazanmasına şərait yaradır.
Nəticə etibarilə, uşaqların təhlükəsizliyi prioritet məsələdir və bu istiqamətdə irəli sürülən təşəbbüslər müzakirəyə açıq olmalıdır, lakin müasir rəqəmsal dövrdə əsas məqsəd interneti tam qadağan etmək deyil, onu təhlükəsiz, nəzarətli və maarifləndirici şəkildə istifadə etməyi öyrətmək olmalıdır", - deyə Vasif Qafarov vurğuladı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən