"Təkcə məhdudiyyətlərlə məsələnin həllinə ümid bəsləmək olmaz" - Fazil Mustafa
Deputat Ceyhun Məmmədov bildirib ki, bir sıra ölkələrdə 16 yaşadək uşaqların internetdən sərbəst istifadəsi məhdudlaşdırılır. O, qeyd edib ki, Azərbaycanda da bu istiqamətdə işlərə başlanılmasına ehtiyac duyulur, bir sıra internet oyunları var ki, onların ölkədə sərbəst istifadəsinin qarşısını almalıyıq.
Milli Məclisin komitə sədri, deputat Fazil Mustafa Redaktor.az-a açıqlaması zamanı bildirdi ki, bu, məntiqə uyğun bir yanaşmadır:
"Hesab edirəm ki, qanunvericilik səviyyəsində bu işin görülməsi məqsədəuyğun olardı. Mən bunu dəstəkləyirəm. Amma bu da təkcə çıxış yolu deyil. Biz həm də uşaqların sağlam böyüməsi və dünyagörüşlərinin daha faydalı istiqamətdə zənginləşməsi üçün doğru alternativləri də cəmiyyətə yerləşdirməliyik. Çünki təkcə qadağalarla, məhdudiyyətlərlə məsələnin həllinə də ümid bəsləmək olmaz".
Aytəkin TOFİQQIZI













