""Şamaxinka"da əsas problem işıqforların sayında deyil, onların necə idarə olunmasındadır" - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, paytaxtın “Şamaxinka” adlanan yerdə yol hərəkətində dəyişikliklər qüvvəyə minib.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirdi ki, həmin ərazidə görülən işlər təqdirəlayiqdir:
"Lakin "U" dönüşü etmədən, tunelin üst hissəsində möhkəmləndirmə işləri aparılıb gələcəkdə birbaşa sola dönüş imkanının yaradılması daha məqsədəuyğun olardı. "Şamaxinka" ərazisində çoxlu sayda işıqfor quraşdırılmasının əsas səbəbi bu nöqtənin nəqliyyat baxımından həddindən artıq yüklü və mürəkkəb olmasıdır. Burada dairəvi hərəkət sistemi, müxtəlif istiqamətlərdən daxil olan avtomobil axınları, metro və avtobus dayanacaqları, həmçinin intensiv piyada hərəkəti bir-biri ilə kəsişir. Belə şəraitdə işıqforlar hərəkəti mərhələlərə bölmək, toqquşma riskini azaltmaq, piyadaların təhlükəsiz keçidini təmin etmək və ümumi nizam yaratmaq üçün quraşdırılır. Yəni məqsəd sürücünü ləngitmək deyil, xaotik hərəkətin qarşısını almaqdır".
Ekspert qeyd etdi ki, bir ərazidə çox sayda işıqforun olması avtomatik olaraq problemin həlli demək deyil.
"Əgər işıqforlar bir-biri ilə sinxronlaşdırılmayıbsa, fazalar real nəqliyyat yükünə uyğun hesablanmayıbsa və əsas magistral istiqamətlərə prioritet verilməyibsə, bu zaman tez-tez dayanma halları yaranır və süni tıxac formalaşır. Sürücü qısa məsafədə bir neçə dəfə qırmızı işığa düşür, axın parçalanır və yığılma effekti güclənir.
Əksinə, düzgün planlaşdırılmış və koordinasiyalı işləyən işıqfor sistemi olan ərazilərdə işıqforların sayı çox olsa belə, tıxac azalır. Çünki hərəkət daha nizamlı, ardıcıl və proqnozlaşdırılan olur. Nəticə olaraq demək olar ki, "Şamaxinka" kimi mürəkkəb qovşaqlarda əsas problem işıqforların sayında deyil, onların necə idarə olunmasındadır. İşıqforlar düzgün qurulub “ağıllı” sistemlə tənzimləndikdə həm təhlükəsizliyə, həm də nəqliyyatın axıcılığına xidmət edir. Plansız və koordinasiyasız olduqda isə tıxacın əsas səbəblərindən birinə çevrilir", - deyə o vurğuladı.
Xədicə BAXIŞLI













