Ailələri nə dağıdır? - Psixoloq DANIŞDI
"Azərbaycanda təxminən 40 min nikahın 17 mini boşanma ilə nəticələnir. Xüsusilə Bakı şəhərində qeydə alınmış nikahların təxminən 56 faizi boşanma ilə başa çatır. Yəni 100 ailə qurulursa, onların 56-sı qısa müddət sonra dağılır. Bu, olduqca ciddi sosial problemdir". Bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa bildirib.
Bəs dövrümüzdə boşanmaların əsas səbəbləri nələrdir?
Boşanma hallarının səbəblərilə bağlı Redaktor.az-a danışan psixoloq Aydan Məmmədova bildirdi ki, emosional baxımdan insanlar yetkinlik yaşına çatmadıqda boşanmaların sayı arta bilər.
Onun sözlərinə görə, burada təkcə emosional faktor nəzərdə tutulmur, təbii ki, birdən çox səbəb mövcuddur:
"İlk ağla gələn səbəb emosional yetkinliyin olmaması deyil, zəif olmasıdır. Əksər cütlüklər münasibətə hazır olmadan evlənirlər. Sevgi hissi var, lakin mübahisələri və konfliktləri idarəetmə bacarıqları zəifdir. Öz sərhədlərini şəxsi və sosial sahələrini tam şəkildə müəyyənləşdirə bilmirlər. Emosiyalarını və duyğularını idarə etməyi bacarmırlar. Ümumiyyətlə, münasibətin yalnız hiss üzərində qurulduğunu düşünürlər. Halbuki münasibət təkcə hissdən ibarət deyil. Münasibət ilk mərhələdə bəyənmə, xoşlanma və sevgi ilə başlasa da, sonrakı mərhələdə davranış və bacarıq tələb edir".
Psixoloq əlavə etdi ki, digər səbəblərdən biri də ünsiyyət azlığıdır:
"İnsanlar ünsiyyət qurmaqda çətinlik çəkirlər. Bunun səbəblərindən biri texnologiyanın inkişaf etdiyi bir dövrdə yaşamağımızdır. Əksər insanlar sosial şəbəkələr vasitəsilə tanış olur. Telefon arxasında rahat ünsiyyət qursalar da, üz-üzə görüşdükdə çətinlik yaşayırlar. Ünsiyyət isə sadəcə danışmaq demək deyil. İnsanlar incikliklərini və qırğınlıqlarını daxilində yığır, açıq və şəffaf şəkildə ifadə etmirlər. Dinləməyi bacarmırlar və daim haqlı olmaq istəyirlər. Sanki bir-birləri ilə prinsip aparırlar və münasibəti bu prinsip üzərində qururlar. Loru dillə desək, bir-birlərinin sözü boğazlarından keçmir. Halbuki bunu bəzən məcburiyyət və ya tabeçilik kimi başa düşsələr də, bu belə deyil. Uzunmüddətli münasibətin əsas açarı qarşılıqlı anlama və dinləmə bacarığıdır. Kimin haqlı, kimin günahkar olduğunu axtarmaq əvəzinə, ortada problem varsa, onu birlikdə həll etməyə çalışmaq lazımdır.
Növbəti səbəblərdən biri iqtisadi amillərdir. Maddi çətinliklər olduqda və karyera istənilən səviyyədə olmadıqda məsuliyyətlərin bölüşdürülməsi də qeyri-bərabər ola bilər. Bu isə zamanla ailədaxili konfliktlərə və gərginliklərə səbəb olur. Xüsusilə böyük şəhərlərdə, məsələn, Bakıda yaşayanların xərcləri daha yüksəkdir. Bu xərcləri qarşılamaq mümkün olmadıqda konfliktlərin artdığını müşahidə edə bilərik".
Müsahibimizin fikrincə, digər mühüm məsələ isə ailələrin müdaxiləsidir:
"Valideynlər və digər qohumlar evli cütlüklərin həyatına müdaxilə etdikdə problemlər yaranır. Gənclər öz sərhədlərini qorumağı bacarmalıdırlar. Çünki artıq onlar yeni və müstəqil bir ailədirlər. Yaxınlıq dərəcəsindən asılı olmayaraq, digər ailələrdən fərqlidirlər. Yeni ailə olaraq öz məsuliyyətlərini dərk etməli və “bizim ailə modelimiz bu cürdür” deməyi bacarmalıdırlar. Hər iki tərəf öz biliklərini, bacarıqlarını, hisslərini və ailə anlayışlarını birləşdirməli, münasibətə mane olan amillərə qarşı sərhəd qoya bilməlidir. Sosial şəbəkələrdə edilən paylaşımlar da münasibətlərə təsir göstərir. Bəzi cütlüklər həyatlarını ideal formada təqdim edirlər və bu, digər insanlarda yalançı gözləntilər yaradır. İnsan bəzən öz real istəklərindən deyil, sosial mediada gördüklərindən təsirlənərək ideal ailə obrazı formalaşdırır. Halbuki sosial şəbəkədə göstərilən həyat hər zaman reallığı əks etdirmir. Romantik paylaşımlar, hədiyyələr və problemsiz görüntü ailədə heç bir mübahisənin olmadığı anlamına gəlmir. Hər bir cütlük arasında mübahisə ola bilər. Əsas məsələ həmin mübahisənin necə davam etdirilməsi və necə həll olunmasıdır. Məcburi evliliklər də boşanmalara səbəb olan amillərdəndir. İnsanlar hiss olmadan, müəyyən şərtlər altında evləndikdə bu cür ailələr adətən uzunömürlü olmur".
Psixoloqun sözlərinə görə, hazırda bəzi gənclər məntiq evliliyinə üstünlük verirlər.
"Lakin ailə yalnız məntiq üzərində qurula bilməz. Əgər ortada qarşılıqlı hiss yoxdursa, məntiq müəyyən müddətə qədər münasibəti davam etdirə bilər, lakin uzunmüddətli nəticə vermir. Ümumiyyətlə, insanlar evlənərkən bir-birlərini həqiqətən tanımalıdırlar. Kənardan eşitdiklərinə və gördüklərinə əsaslanaraq ideal ailə obrazı yaratmamalıdırlar. Öz hisslərini, düşüncələrini, həyat anlayışlarını və karyera planlarını nəzərə alaraq əvvəlcə özlərini tanımalı, daha sonra isə istəklərini konkretləşdirməlidirlər. İnsan özünü tanıdıqda qarşı tərəfi də daha düzgün qiymətləndirə bilir və uyğun olub-olmadığını anlayır. Bu halda qurulan münasibət daha sağlam və uzunmüddətli ola bilər və nəticədə uğurlu bir ailə modeli formalaşa bilər", - deyə Aydan Məmmədova yekunlaşdırdı.
Xədicə BAXIŞLI













