İrandakı hava çirkliliyi sərhədlərimizi aşa bilər - Ekoloqdan PROQNOZ
ABŞ və İsrailin hücumları nəticəsində İranın paytaxtı Tehranda partlayışlardan sonra havanın çirkliliyi təhlükəli səviyyəyə çatıb. Bu barədə "CNN Türk"ün canlı yayımında jurnalist Fulya Öztürk məlumat verib.
Bəs qonşu ölkədə hava çirkliliyinin maksimum həddə olması ölkəmizə təsir edə bilərmi?
Redaktor.az-a danışan ekoloq Qorxmaz İbrahimli dedi ki, İranda havanın keyfiyyəti uzun müddətdir ciddi problem olaraq qalır.
"Xüsusilə paytaxt Tehran uzun illərdir çirkli havası ilə tanınır və bu vəziyyət yerli əhalinin gündəlik həyatına birbaşa təsir göstərir. Çirkli hava tənəffüs yolları xəstəliklərinin artmasına, ürək-damar problemlərinə və ümumi sağlamlıq göstəricilərinin pisləşməsinə səbəb olur".
Müsahibimiz mümkün radioaktiv çirklənmə ehtimalları ilə bağlı narahatlıqların olduğunu da bildirdi:
"Radioaktiv çirklənmə ehtimallarını nəzərə alan yoxdur. Dünya Səhiyyə Təşkilatı sanki bu məsələlərə göz yumur. Bu isə oradakı soydaşlarımız daxil hər kəsə zərər verir. Mövcud vəziyyət yalnız İran əhalisi üçün deyil, region ölkələri üçün də potensial risk yaradır. Ölkədə yaşayan soydaşlarımız da daxil olmaqla milyonlarla insan bu ekoloji şəraitin təsiri altındadır. Bundan əlavə, hava axınlarının istiqaməti mühüm rol oynayır. Cənub küləkləri vasitəsilə çirkli hava kütlələrinin sərhədləri aşaraq ölkəmizə yayılması mümkündür".
Xədicə BAXIŞLI













