"Hər kəs öz maddi imkanına uyğun şəkildə fitrə verməlidir" - İlahiyyatçı 

 14:14 19.03.2026     839

Bildiyimiz kimi, bu gün Ramazan ayının son günüdür. Ramazan ayı bitdikdə isə hər bir evdən fitrə zəkatı çıxarılmalıdır.

Bəs ümumiyyətlə fitrə zəkatı necə çıxarılmalıdır?

İlahiyyatçı Tural İrfan Redaktor.az-a bildirdi ki, fitrə zəkatı Ramazan ayı ərəfəsində və ya Ramazan ayının sonunda verilməlidir.

"Oruc tutub-tutmamasından asılı olmayaraq, imkanı çatan hər bir şəxs ailədə adam başına təxminən 3 kiloqram müxtəlif ərzaq məhsulunu ehtiyacı olan insanlara təqdim etməlidir. Bu, əsasən Ramazan bayramı ərəfəsində verilir. Yəni Ramazan ayı bitdikdən sonra, bayram namazına qədər fitrə məhsullarının və ya onların pul qarşılığının fəqir insanlara çatdırılması daha məqsədəuyğundur ki, onlar da bayram süfrəsi açıb sevinə bilsinlər. Bununla yanaşı, fitrəni Ramazan ayı ərzində də vermək olar. Xüsusilə ayın ortalarında məsələn, 10-u, 15-i kimi günlərdə verilən fitrə ehtiyacı olan insanların iftar süfrəsi qurmasına kömək edə bilər. Amma ümumi qəbul olunmuş ənənəyə görə fitrə əsasən Ramazanın sonunda verilir".

Müsahibimiz fitrə üçün əsas məhsul kateqoriyalarını da qeyd etdi:

"Bu məhsullara əsasən buğda, arpa, qarabaşaq, kişmiş, lobya, xurma və digər dənli bitkilər aiddir. Bu məhsulların hər biri adam başına təxminən 3 kiloqram miqdarında verilə bilər. Əgər bu mümkün deyilsə, həmin miqdarın pul qarşılığı da təqdim oluna bilər. Bu məhsulların belə kateqoriyalara bölünməsinin səbəbi onların qiymətlərinin fərqli olmasıdır. Məsələn, arpa və buğda daha ucuzdur, qarabaşaq və lobya nisbətən bahadır, kişmiş və xurma isə daha yüksək qiymətə malikdir. İnsanların sosial vəziyyəti fərqli olduğu üçün hər kəs öz imkanına uyğun məhsul üzrə fitrə verə bilər. Məsələn, kiminsə imkanı yalnız arpa və ya buğda səviyyəsindədirsə, o, həmin qiymətlə fitrə verə bilər. Daha imkanlı şəxslər isə kişmiş və ya xurma qiyməti ilə hesablaya bilərlər".

İlahiyyatçının sözlərinə görə, konkret olaraq “fitrə adam başına müəyyən məbləğdir” deyə dəqiq rəqəm müəyyənləşdirmək düzgün deyil:

"Bu, tövsiyə xarakteri daşıyır və əsas məqsəd minimum 3 kiloqramlıq həddin təmin olunmasıdır. İnsanların sosial durumu nəzərə alınmalıdır. Nəticə etibarilə, hər kəs öz maddi imkanına uyğun şəkildə fitrə verməlidir. Hətta elə insanlar da ola bilər ki, onların imkanı buna çatmır. Belə hallarda isə əksinə, həmin şəxslərə fitrə verilməlidir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən