""Uşaq pulu" məsələsi yenidən gündəmə gətirilməlidir" - Deputat

 15:30 19.03.2026     1152

Dünən Prezident İlham Əliyevin Xocavəndə səfəri zamanı çoxuşaqlı bir ailə ilə görüşü ictimaiyyətin diqqətini cəlb edib. Dövlət başçısı həmin görüş zamanı 6 uşaqlı ananı nümunə kimi göstərərək, ölkədə demoqrafik artımın təmin olunması üçün ailələrdə uşaq sayının artırılmasının vacibliyini vurğulayıb.

Bəs çoxuşaqlı ailələrdə yaşayışın normal səviyyədə olması üçün dövlət hansı addımları atmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Razi Nurullayev bildirdi ki, bu məsələ konkret sosial və iqtisadi mexanizmlərlə həll olunmalıdır:

"Mən daha əvvəl də qeyd etmişəm ki, ailələr çoxuşaqlı olmağa yalnız o halda meyilli olur ki, dövlət onlara real və davamlı dəstək göstərsin. Bu istiqamətdə bir neçə vacib addım zəruridir. Əvvəla, "uşaq pulu" məsələsi yenidən gündəmə gətirilməlidir. Uşağın doğulması və böyüdülməsi ciddi maliyyə yüküdür və dövlət bu yükün bir hissəsini öz üzərinə götürməlidir. İkincisi, çoxuşaqlı ailələr üçün vergi və kommunal güzəştlər tətbiq olunmalıdır. Bu, ailənin gündəlik xərclərini azaltmaqla onların sosial rifahını birbaşa yaxşılaşdırar. Üçüncüsü, uşaq bağçalarına çıxış genişləndirilməli və əlçatan olmalıdır. Gənc ailələr üçün ən böyük problemlərdən biri məhz uşaqların baxımı ilə bağlıdır. Dördüncüsü, ipotekaya çıxış daha əlçatan edilməli və çoxuşaqlı ailələr üçün xüsusi proqramlar hazırlanmalıdır. Mənzil problemi həll olunmadan ailələr böyük ailə modelinə keçməkdə çətinlik çəkir. Beşincisi, analara sosial dəstək mexanizmləri gücləndirilməlidir. Xüsusilə işləyən analar üçün çevik iş imkanları, sosial sığorta və digər dəstək alətləri vacibdir. Hesab edirəm ki, burada əsas prinsip belə olmalıdır: ailələrə real dayaq olmalıdır. Əgər ailə hiss etsə ki, o tək deyil və dövlət onun yanındadır, o zaman çoxuşaqlı ailə modeli cəmiyyətdə daha geniş yayılacaq".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən