"Süd məhsulları ilə bağlı yayılan xəbərlər insanlarda haqlı narahatlıq yaradır" - Ekspert AÇIQLADI

 18:33 22.04.2026     530

Mediada Belarusun “Savuşkin Produkt” və “Smoleviçi Moloko” müəssisəsinin istehsalı olan süd məhsullarında aşkar edilmiş uyğunsuzluq barədə yayılan məlumatlar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırılıb. Bildirilib ki, Belarusdan Rusiyaya ixrac olunan “Savuşkin Produkt” və “Smoleviçi Moloko” müəssisəsinin istehsalı olan kəsmik məhsulları laborator analiz nəticələrinə əsasən, baytarlıq preparatlarının qalıq miqdarına görə normativ sənədlərin tələblərinə cavab verməyib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan qida eksperti Fərid Səfərov bildirdi ki, süd məhsulları ilə bağlı yayılan xəbərlər istehlakçılar arasında haqlı narahatlıq yaradır.

Onun sözlərinə görə, burada əsas məsələ isə istehsal prosesinə nəzarət və tərkib şəffaflığıdır:

"Artıq məhsulun xarici mənşəli olması onun mütləq keyfiyyətli olması mənasına gəlmir. Bu səbəbdən süd məhsulu alarkən ilk növbədə etiket oxuma vərdişini formalaşdırmaq lazımdır. Yadda saxlamaq lazımdır ki, məhsulun tərkibi nə qədər sadə və qısadırsa, o, bir o qədər təbiidir. Tərkibdə rast gəlinən bitki yağları, xüsusilə palma yağı məhsulun təmiz süd deyil, qarışıq tərkibli olduğunu göstərir. Eyni zamanda teksturanı süni şəkildə yaxşılaşdıran stabilizatorlar, süni aromalar və dadlandırıcılar da keyfiyyət göstəricisi hesab olunmur. Məhsulun mənşəyi və istehsalçısı haqqında məlumatlar tamamilə şəffaf olmalı, ünvan və əlaqə vasitələri qablaşma üzərində aydın qeyd edilməlidir. Müvafiq sertifikatların və uyğunluq nişanlarının mövcudluğu ilə yanaşı, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəsmi açıqlamalarını mütəmadi izləmək vacibdir. Digər kritik məqam isə saxlanma şəraitidir. Mağazalarda soyuducu temperaturunun müsbət iki və altı dərəcə arasında olmasına diqqət yetirilməlidir. Soyuducudan kənarda qalan, qablaşması zədələnmiş və ya şişmiş məhsullar ciddi risk daşıyır".

Ekspert qeyd etdi ki, istifadə müddəti və rəf ömrü də məhsulun emal səviyyəsindən xəbər verir:

"Qatıq və kəsmik kimi təzə məhsulların ömrü adətən qısa olur, aylarla davam edən rəf ömrü isə məhsulun yüksək termal emala məruz qaldığını və ya əlavə qatqılar ehtiva etdiyini göstərir. Ev şəraitində isə məhsulun qoxusuna, rənginə və dadına fikir vermək lazımdır. Kəskin qoxu, qeyri-təbii rəng və ya daddakı kimyəvi acılıq məhsulun yararsız olduğunun əlamətidir".

Müsahibimiz bildirdi ki, xəbərlərdə tez-tez rast gəlinən baytarlıq preparatları, xüsusilə antibiotik qalıqları məsələsi isə adi istehlakçı tərəfindən dad və ya qoxu ilə müəyyən edilə bilməz:

"Belə qalıqlar yalnız laboratoriya şəraitində aşkarlandığı üçün ən etibarlı qorunma yolu rəsmi yoxlamalardan keçmiş, tanınmış istehsalçılara üstünlük verməkdir. Sağlam həyat tərzi üçün qida seçiminə şüurlu yanaşmaq hər bir istehlakçının öz sağlamlığı qarşısında məsuliyyətidir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən