“Uşaq SİM kartı” məsələsi gündəmdə - Ekspert: "Qanunvericilik dəyişməlidir"
"Azərbaycanda uşaqların onlayn mühitdə qorunması məqsədilə xüsusi SİM kartların tətbiqi məsələsi həm texniki, həm də hüquqi müstəvidə gündəmdədir. Lakin hazırda ölkənin mobil operatorlarında Türkiyədə müzakirə edilən formada ayrıca istehsal olunmuş və ya xüsusi prefiksli vahid bir "uşaq SİM kartı" məhsulu mövcud deyil. Bu boşluğu doldurmaq üçün mövcud qanunvericiliyin təkmilləşdirilməsi və yeni texniki həllərin tətbiqi əsas hədəf olaraq qalır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov bildirdi.
Onun sözlərinə görə, Azərbaycanda vahid "uşaq SİM kartı" məhsulu olmasa da, operatorlar mövcud nömrələr üzərindən "Valideyn Nəzarəti" tipli filtrasiya xidmətləri təqdim edirlər:
"Bu xidmətlər vasitəsilə qumar, şiddət və qeyri-etik məzmunlu saytlara giriş məhdudlaşdırıla bilir. Lakin Türkiyə modelində nəzərdə tutulan mərkəzləşdirilmiş və məcburi filtrasiya sisteminə keçid üçün "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunun təkmilləşdirilməsi prosesi mühüm təməl rolunu oynayır. Qanunvericilikdəki yeniliklər süni intellektin yaratdığı saxta görüntülər (deepfake) və aqressiv alqoritmlər kimi müasir təhdidlərə qarşı daha güclü hüquqi sipər yaradacaqdır. Alternativ olaraq, texniki qadağalarla yanaşı, erkən yaşdan etibarən məktəblərdə rəqəmsal savadlılıq və kiber-gigiyena dərslərinin təşviqi mühümdür. Çünki SİM kart operator səviyyəsində qoruma təmin etsə də, Wi-Fi şəbəkələrinə qoşulma zamanı bu filtrasiya səmərəsiz ola bilər. Bu səbəbdən, həm SİM kart səviyyəsində filtrasiya, həm təkmilləşmiş qanunvericilik, həm də cihaz səviyyəsində nəzarət alətlərinin (məsələn, Google Family Link) vəhdətdə tətbiqi uşaqlar üçün daha etibarlı bir rəqəmsal ekosistem formalaşdıracaqdır. Əsas məqsəd uşaqları internetdən təcrid etmək deyil, onların milli dəyərlərə uyğun, təhlükəsiz və inkişafetdirici bir məkanda böyüməsinə şərait yaratmaqdır".
NURİYYƏ













